Azərbaycanda tiktoka əl gəzdirmək lazımdır
Cəmiyyəti pozacaq, uşaqlarda psixoloji travmalar yaradacaq, xalqımıza heç bir fayda yaratmayacaq paylaşımlara məhdudiyyət qoymalıdır Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə tiktokun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Buna səbəb quruma bir sıra qeyri-hökumət təşkilatlarından sözügedən platformanın uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərməsi ilə bağlı daxil olan şikayətlərin artması olub. Nazirliyin apardığı monitorinqlər nəticəsində sosial şəbəkənin uşaqların sağlamlığına və inkişafına zərərli olan məlumatları məhdudlaşdırmadığı, məlumatlar əldə edərkən yaş kateqoriyasına nəzarət funksiyalarının olmadığı ortaya çıxıb. Nazirlik artıq qərarın qanunvericilik çərçivəsində reallaşması üçün ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə müraciət ünvanlayıb. Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, ümumiyyətlə, bütün sosial şəbəkələr yaş kateqoriyalarına görə müxtəlif məhdudlaşdırmalar aparmalıdırlar. Hazırda tiktok platformasında yaş kateqoriyasına heç bir nəzarət funksiyası mövcud deyil.Əlbəttə, uşaqların psixi inkişafında müəyyən çətinliklər yaradacaq məlumatların onlar üçün əlçatan olmasında məhdudiyyətin olmaması yaxşı hal deyil:
"Hər bir sosial şəbəkənin özünə görə təyinatı var. Təəssüflər olsun ki, "Tik-Tok" platforması Azərbaycanda faydalı kontekstlərin azlıq təşkil etdiyi bir platformadır. Orada az sayda bloger var ki, onlar cəmiyyətə faydalı olacaq paylaşımlar edirlər. Əlbəttə, burada izləyici kütləsinin də günahı böyükdür. Onlar daha çox cəmiyyəti pozacaq, insanlara, xüsusən də uşaqlara zərərli vərdişlər qazandıracaq tərzdə olan videoları izləyirlər. Bu səbəbdən də faydalı kontekstdə layihələr platformada azlıq təşkil edir". E.Abbasov qeyd edib ki, biz məlumatın əlçatanlığı üçün heç bir sosial şəbəkənin bağlanmasının tərəfdarı deyilik. İnsanlarımızın hər platformadan faydalı məlumat əldə etməsi bizim üçün olduqca vacib bir məsələdir: "Hesab edirəm ki, tiktok sosial şəbəkəsi Azərbaycanda cəmiyyəti pozacaq, uşaqlarda psixoloji travmalar yaradacaq, xalqımıza heç bir fayda yaratmayacaq paylaşımlara məhdudiyyət qoymalıdır. Əks halda Azərbaycan da "Tik-Tok"un məhdudlaşdırıldığı digər ölkələrin arasına qoşula bilər. Doğrudur, "Tik-Tok"un Azərbaycandakı nümayəndələri ilə həmçinin müvafiq qurumlarla, ekspertlərlə aparılan görüşlərdən belə görünür ki, bu platforma maraqlı və inkişaf yönündə kontekstlərin formalaşması üçün sosial tədbirlərə önəm verir və bu istiqamətdə müəyyən addımlar atmağı planlaşdırır".