“Gilar toponimi qədim türkman tayfaları ilə bağlıdır” - Jurnalist


“Qədim türkman tayfalarının Yardımlı rayonunda məskunlaşması ilə formalaşan Glar kəndi ilə bağlı internet resurslarında yanlış məlumatlar yer alır”. 

Bunu "Sherg.az"a açıqlamasında əslən Gilar kəndindən olan araşdırmaçı-jurnalist Əli Zülfüqaroğlu deyib. 

Jurnalist bildirib ki, toponimi İranın Mazandaran vilayətində Gelar-daşt adlı şəhərlə, Alborz vilayətində isə Gilyard kəndi ilə uyğunlaşdırmaq, toponimin mənasını gil-gilək etnik qrupunun göstəricisi kimi qələmə vermək, yaşayış məntəqəsini irandilli gilək tayfalarına mənsub ailələrin saldığını qeyd etmək kökündən yanlışıdır: 

“Mən, bu toponimlə bağlı bir sıra tarixçilərlə danışmışam. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur. Hesab edirəm ki, tariximizlə bağlı məlumatlar xalqa düzgün çatdırılmalıdır. Kimlərinsə toponimlərimizlə bağlı yanlış məlumatlar yazması və türk kimliyini hansısa qeyri-türk tayfalara bağlaması yolverilməzdir”.