Xadimə işləyirdi: Melisa Mətinin xəyalı gerçəkləşib


Türkiyənin Malatya bölgəsində İnönü Universitetinin Tibb fakültəsində xadimə işləyən Melisa Mətinin xəyalı gerçəkləşib. Melisa uşaq yaşlarından həkim olmaq arzusuyla yaşayıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, İnönü Universiteti Tibb fakültəsinin Turqut Özal Tibb Mərkəzində təmizlikçi kimi işləməyə başlayıb. Eyni zamanda ali məktəblərə qəbul imtahalarına da hazırlaşıb.

Qəbul imtahanlarında topladığı bal ona çalışdığı Tibb Mərkəzinin aid olduğu ali məktəbdə  təhsil almaq imkanı verib. Bununla gənc qızın uşaqlıq xəyalı gerçəkləşib. O, sevdiyi peşənin sirlərinə yiyələnir, həmçinin, yenə də əvvəlki iş yerində çalışır, aldığı əmək haqqı ilə təhsil xərclərini qarşılaya bilir. Melisa təhsilini başa vurduqdan sonra da bu Tibb Mərkəzində həkim olaraq çalışmağı düşünür. “İmtahanlara hazırlaşanda ailəm, böyük qardaşım mənə çox dəstək oldular, köməklərini əsirgəmədilər, məni ruhlandırdılar. Çalışdığım Tibb Mərkəzinin endokrin şöbəsinin həkimləri də mənə dəstək oldular, mənə güvəndiklərini söylədilər. Bu məni, yolumdan dönməyə qoymadı, arzuma çatmaq üçün irəlilədim” söyləyən Melisa Mətin deyib ki, xəstəxanada çalışdığı zaman dəhlizlərdə addımlayan hıkimlıri gördükcə, o da həkimlik xəyalının nə vaxtsa gerçəkləşəcəyini düşünüb. “Allah izin verirsə, mən də bir neçə ildən sonra həkim olacağam. Və burada - təmizlikçi işlədiyim xəstəxanada həkim olaraq çalışacağam artıq”.   T.Özal Tibb Mərkəzinin həkimləri də Melisanın çox yaxşı, bacarıqlı həkim olacağına inanırlar . Tibb Mərkəzində Endokrinologiya və Metabolizma ixtisası üzrə həkim, doktor İbrahim Şahin Melisanın çox çalışqan olmasından danışıb: “Burada təmizlikçi olaraq çalışa-çalışa imtahanlara da hazırlaşdı və tibb ixtisası üzrə təhsil almağa nail oldu. Maddi durumları səbəbindən yenə də həm çalışacaq, həm də təhsilini davam etdirəcək. Melisanın bu uğuu və çalışqanlığı onun gələcəkdə çox yaxşı həkim olacağını göstərir. Biz ona inanırıq”.