Şahramanyanların "quzu" olmasına aldanmamalıyıq  - ŞƏRH

Yevlaxda keçirilən görüşdən sonra separatçıbaşı Samvel Şahramanyanın Qarabağdakı qondarma rejiminin üzvləri Azərbaycan nümayəndələri ilə fəal təmasdadırlar.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş zamanı azərbaycanlılar bir daha özlərinin prioritet tələblərindən birinə təkid ediblər: Qarabağın “hakimiyyəti” “dövlət strukturlarının və qurumlarının” ləğvini elan etməli, Xankəndidəki bütün dövlət qurumlarının binalarında Azərbaycan bayrağı asılmalı, bundan sonra inteqrasiya başlamalıdır.
Qeyd olunur ki, Şahramanyan Azərbaycanın mərkəzi hakimiyyətindən Xankəndiyə girişi təxirə salmağı xahiş edib:
“Bildirib ki, şəhərdə artıq təsvirolunmaz çaxnaşma hökm sürür. Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi ilə bağlı razılıq əldə olunub”.

Şahramanyanın rəsmi Bakıdan xahişini “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, reinteqrasiya prosesi ağrılı və tədricən baş tutan prosesidir:
  “Hazırkı vəziyyətdə Azərbaycan vaxt itkisinə yol verməməlidir. Şahramanyan və onu kimilər Qarabağda hələ də  ermənilər olduğu üçün hər şeyin bitmədiyini düşünürlər. Onların bu  cür istəkləri zaman qazanmağa hesablanıb. Hətta  humanitar fəlakətləri yoxlamaq, problemlərin normal məcrada inkişafını təmin etmək üçün beynəlxalq missiyanın Qarabağa gəlməsini ehtiyac olduğu ilə bağlı çıxışlar edirlər. Bu böyük bir hiylədir. Qarabağa qapını açmaq istəyirlər. Buna imkan vermək olmaz. Paşinyanın  3 il ərzində zamana oynadığı kimi Xankəndinə girişi bu məqsədlə ləngitməyə çalışırlar. Partladılan benzin çəni də sıradan hadisə deyil. Bu çənlərin partlamasının ardınca Azərbaycanın hava limanına girişin açılmasına hesablanmış addım.  Bu gün Şahramanyanlar quzu kimi davrana bilər. Buna aldanmaq lazım deyil. Prosesin uzadılmasına imkan vermək olmaz.  Xankəndi şəhərində təhlükəsizliyi təmin etmək üçün Azərbaycan  Dövlətinin Hüquq- Mühafizə Orqanları mütləq şəkildə orada  olmalıdır”.