Əli qandallı separatçılar ən ağır formada cəzalandırılacaq - Millət vəkili

Mixail Qaluzinin dediyi kimi, "bu məsələnin" İrəvanla müzakirə olunacaq heç bir tərəfi yoxdur

  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Qarabağdakı separatçıların “liderlər”inin həbsi ilə bağlı məsələ İrəvan ilə Bakı arasında həll olunmalıdır. Onun sözlərinə görə, saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır. Nazir müavini qeyd edib ki, onların məsələsi Ermənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həll olunmalıdır: "Söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxslərdən gedir. Ona görə də bu məsələlər ilk növbədə bu şəxslərin vətəndaşı olduqları Ermənistanla Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır". Qaluzin bir məqama da diqqət çəkib: "Rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsinin olmadığını və bununla bağlı bütün məsələlərin Qarabağın erməni nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Çox təəssüf ki, bu baş verdi". Məlumdur ki, Qarabağda separatizm özünü buraxdığını elan etdikdən sonra Dövlət Təhlükəsizliyi Xidməti bir neçə separatçını həbs edərək Bakıya gətirib. Hazırda separatçıların istintaq prosesi gedir. Ruben Vardanyandan sonra digər separatçılar - Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərləri də saxlanılıb. Qeyd olunub ki, Azərbaycan torpaqlarında separatizmlə məşğul olan, ərazilərimizin işğalında, mülki şəxslərin qətlində, əsir və girov düşmüş azərbaycanlılara qarşı dəhşətli işgəncə proseslərində iştirak etmiş əli qanlı separatçılar Azərbaycan məhkəmələri tərəfindən ən ağır formada cəzalandırılacaq. Yəni Qaluzinin dediyi kimi, "bu məsələnin" İrəvanla müzakirə olunacaq heç bir tərəfi yoxdur.
  Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan öz suverenliyini bərpa etməklə yanaşı, Birinci və İkinci Qarabağ savaşı zamanı, sonrakı dövrdə müxtəlif hərbi cinayətlər törətmiş separatçıların həbsini həyata keçirməkdədir. Deputat diqqətə çatdırıb ki, R.Vardanyan, A.Quqasyan, B.Saakyan və digərləri separatizmin güclənməsinə və 30 ildən çox davam etməsinə xidmət göstərmiş şəxslərdir: 

"Azərbaycan qanunları qarşısında həmin şəxslər istintaqa cəlb olunublar və onların barəsində həbs-qətimkan tədbirləri seçilib. Hazırda ifadələri alınmaqdadır. Ancaq müxtəlif manipulyasiyaların şahidi oluruq. Xüsusilə də, Rusiyadan qeyri-obyektiv açıqlamalar gəlir. İstintaqı gedən separatçıların azad edilməsi məsələsi qabardılır. Rusiya rəsmiləri həmin şəxslərin Ermənistan vətəndaşı olduğuna diqqət çəkərək onların nə zamansa ekstradisiyasının mümkünlüyünü gündəmə daşıyırlar. Ruben Vardanyan könüllü olaraq Rusiya vətəndaşlığından imtina edib. O baxımdan Vardanyan məsələsinə Rusiya tərəfindən müdafiə edilməsi real görünmür. Azərbaycan hüquq-mühafizə orqanları həbs edilmiş şəxslərin istintaqı müddətində çox önəmli hərbi sirlərin və cinayətlərin üstünü aça biləcəklər. Bununla bağlı müxtəlif siqnallar ötürülür. Dinc sakinlərə qarşı hərbi cinayətlər törətmiş, Gəncə, Tərtər, Bərdə, Goranboy, Naftalan kimi döyüş bölgəsindən uzaqda yerləşən ərazilərin uzaqmənzilli raketlərlə atəşə tutulması əmrini vermiş şəxslərin cinayət işi aparılır. Rusiya və digər beynəlxalq təşkilatlar qarşısında bu şəxslərin qeyd-şərtsiz azad olunması məsələsini qabartmaq və onların azad olunmasını tələb etmək yersizdir. Bütün cinayətkarlar gec-tez qanun qarşısında cavab verəcək. Qaçıb gizlənən cinayətkarların da interpol vasitəsilə axtarışı həyata keçirilir. Əminliklə deyə bilərik ki, həmin şəxslər də ədalət, qanun qarşısında cavab verəcəklər. Suverenliyimizi bərpa etdiyimiz kimi öz vətəndaşlarımızın da qisasını alacağıq".