Sosial yardım alanların sayını necə azaltmaq olar? - AÇIQLAMA

“Ölkədə ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb və bu gün həmin yardımları alan şəxslərin sayı 300 minə yaxınlaşıb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə yaşayış minimumu 246 manat, onun ikiqatı məbləğində isə əhaliyə ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi genişdir: “Bəli, bunu artırmaq da olar. Əlbəttə, onun ölçüsü yoxdur. Hətta əhalinin 100 faizinə də vermək olar. Bəs sonra bu nə ilə nəticələnəcək, əhalini hara aparacaq?! Passiv sosial ödənişin artması nəticəsində nəinki ölkədə, eləcə də bütün dünyada aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca aktiv məşğulluq azalır. Bu, 5-10 il sonrası üçün ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Bu səbəbdən hesab edirik ki, Azərbaycanın bu məsələdə konservativ yanaşması davam etməlidir”.

Sahil Babayevin açıqlamasını “Sherg.az”a  dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Cənab nazirin fikirləri doğrudur. Ölkə ərazisində sosial ödənişlər nə qədər  çox olarsa, işləmək istəyənlərin  sayı da o qədər az olar:
“Ölkə ərazisindəki iş yerlərinin azlığı, həmçinin əksər yerlərdə maaşların sosial müavinətdən aşağı olması kimi faktorları buna misal çəkmək mümkündür. Nəticəni aradan qaldırmaq üçün ilk öncə səbəbləri yox etmək lazımdır. Yəni  sosial yardım alanların sayının artmasının qarşısını almaqdan ötrü öncə ölkədəki iş yerlərinin sayını artırmalı, rəqabət yönümlü əmək haqqı təmin olunmalıdır. Nəticədə sosial müavinət alanların sayının azalması müşahidə olunacaq”.