Azərbaycanın su qıtlığı problemi var? - AÇIQLAMA

Ən azından bu gün üçün yoxdur və sudan düzgün istifadə edə bilsək, heç vaxt da olmayacaq

“Problem odur ki, biz nə kənd təsərrüfatında, nə məişətdə, nə də sənayedə sudan qənaətlə istifadə edirik”

  “Dünyada su hövzələrinin 3-4 faizi içməli su kimi istifadə edilə bilər”. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Muhammad Nasar Hayat ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
  O qeyd edib ki, Azərbaycan su qıtlığından ən çox əziyyət çəkən 20 ölkə arasındadır: “Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxu kənd təsərrüfatı üçün istifadə olunur. Ümidvaram ki, Kənd təsərrüfatı və Qida elmləri fakültəsi su ehtiyatlarının daha səmərəli istifadəsinə, həmçinin kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”.
  “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda yaşanan su qıtlığının səbəbi ölkəmizdə su ehtiyatlarının az olması yox, urbanizasiya siyasəti və daxili miqrasiyanın düzgün müəyyənləşdirilməməsidir. Onun sözlərinə görə, ölkə əhalisinin böyük qisminin Bakıda cəmlənməsi həm ekoloji, həm də iqtisadi problemlərə səbəb olmaqdadır: 

“1990-cı illərin əvvəlində, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yaranmış iqtisadi krizlə əlaqədar demoqrafik tarazlıq pozuldu. Rayonlarda qaz, işıq, isti su problemləri, işsizlik və s. problemlər səbəbindən insanların Abşeron yarımadasına kütləvi köçü başladı. Bu da zamanla Abşeron yarımadasında məskunlaşan əhalinin içməli suyla təminatında ciddi problemlərə səbəb oldu. Yəni Bakı şəhərində əhali sayının çox olması suya tələbatı artırdı və ona görə də hökumət bahalı su layihələri gerçəkləşdirmək məcburiyyətində qaldı. Halbuki zamanında yerli icra nümayəndəlikləri regionlarda yaşayan əhali üçün normal şərait yarada bilsəydi, bu gün Azərbaycanda su qıtlığı deyilən bir problem olmayacaqdı”.
  Q.İbrahimlinin sözlərinə görə, Qarabağın Ermənistan və ona havadarlıq edən rus qoşunları tərəfindən işğalından sonra bizim suvarma və içməli su ehtiyatlarımızın bir hissəsi ermənilərin nəzarəti altına keçdi: “Şanlı Ordumuzun 44 günlük müharibədə əldə etdiyi qələbə və dövlətin yeritdiyi uğurlu siyasət nəticəsində artıq torpaqlarımız işğaldan azad olunaraq ölkəmizin ərazi bütövlüyü bərpa edilib. İndi Sərsəng su anbarı və digər su ehtiyatları yenidən Azərbaycanın nəzarətinə keçib. Sərsəng kimi strateji və mümüm əhəmiyyətə sahib su anbarının bizim nəzarətimizə qaytarılması bir çox ərazilərin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Amma bu heç də ölkəmizi gözləyən su qıtlığı probleminin qarşısını almayacaq. Əslində, Azərbaycanın su qıtlığı deyilən bir problem də yoxdur. Ən azından bu gün üçün yoxdur və sudan düzgün istifadə edə bilsək, heç vaxt da olmayacaq. Biz nə kənd təsərrüfatında, nə məişətdə, nə də sənayedə sudan qənaətlə istifadə edirik.
  İşğaldan azad olunan torpaqlarımıza “Qayıdış proqramı” təqdirəlayiq bir haldır. Lakin digər rayonlarla bağlı da bu cür layihələr icra olunmalıdır. Universitetlər, nazirliklər, böyük şirkətləri Bakıdan kənarlara köçürmək lazımdır. Bakının yükü azalsa, ölkədə su problemi də yavaş-yavaş öz həllini tapacaq. Təbii ki, paralel olaraq da əhaliyə sudan istifadə qaydaları öyrədilməlidir. Suvarmada sudan selləmə istifadə etmək olmaq. Damcı suvarma sisteminin tətbiqini genişləndirmək lazımdır. İçməli suya qənaət etmək üçün sensor krantlardan istifadə edilməlidir. Bunun üçün də dövlət bu krantları satan şirkətlərə güzəştlər etməlidir ki, onlar da əhaliyə ucuz qiymətə sata bilsinlər. İqlim dəyişikliyi Azərbaycanda su qıtlığı yaradacaq deyib əlimizi əlimizin üstünə qoyub gözləməməliyik. İbtidai sinif dərsliklərində uşaqlara sudan istifadə qaydaları aşılanmalıdır. Əgər lazımi qaydalara əməl etsək, Azərbaycanda su qıtlığı yaşanmayacaq”.