Bolnisi rayonunda şəhid kapitan Sahib Daşdəmirovun xatirəsi anılıb

Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndində şəhid kapitan Sahib Daşdəmirovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov, səfirlik əməkdaşları, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov və Konqresin üzvləri, qonşu kəndlərin ağsaqqalları, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Faiq Quliyev Azərbaycanı Zəfərə aparan yoldan danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi şanlı Ordumuzun Vətən müharibəsində qısa vaxtda qazandığı Qələbə tarixə yazılan ən parlaq Zəfər oldu.

Hər zaman Azərbaycan xalqının dəstəyinə arxalanan Prezident İlham Əliyev xalqın birliyi və ədalətli mövqeyi ilə “Dəmir yumruq”la işğalçıya sarsıdıcı zərbə vurdu.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğuruna çevrildi.

Bildirilib ki, bu ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri keçirdiyi antiterror tədbirləri nəticəsində separatçı tör-töküntülərini diz çökdürdü. Bu fakt bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır.

Səfir Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövləti ətrafında sıx birləşdiklərini, ölkəmizin suverenliyi, Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də lokal antiterror əməliyyatları zamanı xüsusi həmrəylik nümayiş etdirdiklərini xüsusi qeyd edib. Bildirilib ki, təkcə Saraclı kəndi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 6 şəhid verib. Azərbaycan dövləti şəhidlərin adlarının əbədiləşdirilməsi üçün bütün tədbirləri görür.

Diplomat belə qəhrəmanlar yetişdirklərinə görə şəhidin ailəsinə və Saraclı elinə təşəkkür edib.

Daha sonra GAK-ın sədri Hüseyn Yusubov, kənd ziyalısı Vaqif Əlimərdanov çıxış edərək şəhidlərə verdiyi dəyərə, onların ailələrinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Şəhidin atası Natiq Daşdəmirov və əmisi Bəhlul Daşdəmirov da göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Sonda Natiq Daşdəmirov keçdiyi həyat yolundan danışılıb, şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.