Azərbaycana gələn ərəb turistlərin sayı azalıb

Əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır

  "Bu ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1 milyon 535 min nəfərə çatıb". Bu barədə millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır:

"Avropalıların sayı artır, ərəb turistlərinin səfərləri azalır. Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da, Avropa İttifaqından gələnlərin sayı 39,5 faiz artıb. Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artması müşahidə olunur".
  Parlament üzvü vurğulayıb ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: "Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də, Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".