Turistlər ən az Təbrizə səfər edib-RƏY

İran bu şəhərinin təbliğ olunmasına maraq göstərmir

“Burada daha çox azərbaycanlılar yaşadığını nəzərə alaraq, sanki oranı qapalı bölgə kimi saxlayırlar”


  Təbriz İranın böyük şəhərləri arasında xarici turistlərin ən az səfər etdiyi şəhərlərdən birinə çevrilib. Bu barədə Təbriz Universitetinin Coğrafiya və şəhərsalma fakültəsinin müəllimi, turizm üzrə araşdırmaçı Rəhim Heydəri deyib. Təbrizdə turizmin iflasa uğradığını vurğulayan Heydəri bunu turizm sahəsində lazımi işlərin aparılmaması və Təbrizin turizm imkanlarının tanıtdırılmaması ilə əlaqələndirib: “Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması, ölkəyə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı göstərir ki, bu sahədə iş aparılmayıb”. Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar kataloq və reklam nəşrlərində Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli olaraq, Təbrizə yer vermirlər.
  
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Sherg az"a bildirib ki, İranın öz turizm potensialını gündəmə gətirməsi, bu istiqamətdə çalışmaları anlaşılandır. Deputat diqqətə çatdırıb ki, hər bir ölkə istəyir ki, turizm gəlirlərini artırsın, ölkəyə çoxlu turist cəlb etsin: 

"Hazırda İranda yaşam standartları elədir ki, dini turizmdən kənarda başqa turizmin olduğu düşüncəsində deyiləm. O baxımdan bütün hallarda İranın bu məsələdə mövqeyinin Təbrizlə bağlı neqativ olması da anlaşılandır. İran Təbriz şəhərinin təbliğ olunmasına maraq göstərmir. Təbrizdə daha çox azərbaycanlılar yaşadığını nəzərə alaraq, sanki oranı qapalı bölgə kimi saxlayırlar. Ancaq turizm bu kimi amillərə dayanmamalı, daha sağlam təfəkkürlər təbliğ olunmalıdır. Təəssüf ki, İranda bu cür təzahürlər bütün sahələrdə özünü göstərir. O baxımdan nəsə söyləməkdə çətinlik çəkirəm. Hər halda turizm ölkə vətəndaşlarının xeyrinə, onların gəlirlərinin artmasına səbəb ola biləcək bir sahədir və onu canlı, diri tutmaq vacibdir".