Bakıda bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərlik cərimələnib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən, hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda planlı yoxlama aparılıb, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Maraqlıdır, bazar və yarmarkalarda satılan süd və süd məhsullarının keyfiyyəti nə yerdədir? İstehsal tarixi belə olmayan bu məhsulların belə yerlərdə satışı düzgündürmü?
Məsələ ilə bağlı “Sherg.az”a danışan qida mütəxəssisi Ağa Salamov bildirib ki, üzərində etiketi, əmtəə nişanı olmayan məhsulların istifadəsi təhlükəlidir:
"Ona görə də kənd məhsulları satılan marketlər olmalıdır. Orada satışı həyata keçirilən süd məhsullarının qiyməti marketlərə nisbətən baha satılmalıdır ki, kəndlilərin bu işdə marağı olsun. Belə olduqsda sağlamlığını düşünən hər bir şəxs zərərli süd məhsullarını deyil, orqanik məhsulların satışını həyata keçirən mağazalardan alacaq. Bəzən görürük ki, müxtəlif şəxslər avtomobilin arxasında məhəllələrə təbii ağartı məhsulları gətirərək satışını həyata keçirirlər. Bunun mənfi tərəfi ondan ibarətdir ki, küçədə satılır. Nə soyuducu var, nə də ki, saxlanma şəraiti düzgündür. Ona görə də onlar yığışdırılması daha məqsədəuyğundur. Dövlət və yaxud sahibkarlar tərəfindən orqanik məhsulların satış məntəqələri yaradılmalıdır. Günümüzdə buna ehtiyac var. Bu nöqtələrdə də avadanlıqların düzgün təşkili, soyuducu sistemlərinin təchiz edilməsi, anbarların şəraitə uyğun yaradılması vacibdir".