Bir pişik, bir candır -Ehtiyatlı olaq

"Yaşayış binalarının həyətlərinə xəbərdarlıq şəklində elanlar da vurmaq olar"

  Soyuq qış aylarında pişiklər isti yer axtarırlar. Adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı məlumatda bildirilib. Qeyd olunub ki, çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir. BDYP İdarəsi sürücülərdən xahiş edir ki, mühərriki işə salmazdan öncə, diqqətli olsunlar, avtomobildə mühərrikin yerləşdiyi hissəyə əvvəlcə baxsınlar, orada bir canlının gizlənmədiyinə əmin olduqdan sonra mühərriki işə salsınlar, yola çıxsınlar. Bununla kiçik dostlarımıza xəsarət yetirmiş olmayacaqlar. 
 
 “Evsiz Heyvanları Müdafiə” İctimai Birliyinin sədri  Leyla Əlizadə “Sherg.az”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin cəmiyyətə çox lazımlı mesaj ötürdüyünü dedi: 
- Bəziləri düşünə bilər ki, yol polisinin sahibsiz heyvanlarla nə əlaqəsi? Belə deyil. Yol Polisi çox lazımlı məsələyə toxunur. Onlar ictimaiyyəti məsuliyyətli olmağa dəvət edirlər. Mən onların bu hərəkətini alqışlayıram. Həqiqətən də sahibsiz heyvanlar üçün çətindir. Onların qidaya, sığınacağa, isti yuvaya da ehtiyacları var. İndi küçə heyvanlarına sahib çıxanlar çoxdur. İnsanlar daha çox pişikləri yemləyir. İtlər bir qədər fərqlidir, özləri yem tapa bilir. Pişiklərlə daha həssas davranılmalıdır. Çünki onlar daha köməksizdilər. Qida tapmaqda çətinlik çəkirlər. Pişiklər ev heyvanıdır, evdə, həyətdə qalmağı, hardasa yumurlanıb yatmağı sevirlər. İtlər daha sərbəst gəzişir, özlərinə güvənlidirlər. Yol Polisi düz deyir, pişiklər çox vaxt avtomobillərin mühərrik yerində gizlənirlər. Maşın həyətdə saxlanılıbsa, işə salmazdan əvvəl kapotu qaldırıb baxmaq lazımdır, orda pişik gizlənməyib ki. Çünki əgər orda pişik varsa, mühərrik işə salınanda o, yaralanar, ölə bilər. 
 
 L.Əlizadə qeyd etdi ki, belə bir hal onların da başına gəlib: 
- Bir neçə il əvvəl, həyat yoldaşım səhər işə gedəndə pişik miyoltusu eşidib. Saxlayıb maşını, o tərəf, bu tərəfə baxıb, heç nə görməyib.  Maşını sürməyə başlayanda yenə səs gəlib. Belə vəziyyətdə gedib işə. Evə gələndə həyətdə maşını saxlayıb, o səs yenə gəlib. Qonşulardan biri yaxınlaşıb, deyib, bəlkə kapotu qaldıraq baxaq. Baxıblar, görüblər ki, yox mühərrik yerində deyil. Çox maraqlıdır ki, təkərin qanadının altından tapıblar balaca pişik balasını. O, necə orda dayanıb yol boyu, yıxılmayıb, indi də yadıma düşəndə təəccüblənirəm. Bəlkə də mühərrik yerində imiş, maşın dayandıqdan sonra ora düşüb, bilmirəm. Amma biz o pişiyi çıxardıq, yemlədik, həyətdə qaldı, böyüdü. Həyat yoldaşım bütün yol boyu narahat olmuşdu ki, səs gəlir, amma pişiyi tapa bilmir. Nəhayət onu tapanda “ay balaca əclaf”, - dedi. Bilirsiz, heyvanlara qarşı mərhəmətli olmaq insanlardan asılıdır. Kimisi mərhəmətlidir, kimisi yox. İndi maşınlar o qədər çoxalıb ki, binaların həyəti maşınlarla dolur. Parklanma yerləri də çoxdur. Pişiklər də maşınların mühərrik yerinə girib gizlənirlər, isinirlər. Ehtiyatlı olmaq yaxşıdır.

  L.Əlizadə qeyd etdi ki, yaşayış binalarının həyətlərinə xəbərdarlıq şəklində elanlar da vurmaq olar: 
- Bunu yerli bələdiyyələr də edə bilər, binaların komendantları, sakinlər özləri də. Bu, cəmiyyətin sosiallaşmasının göstəricisidir. Biz hamımız belə məsələlərə önəm verməliyik. Mədəni, sivil cəmiyyət olduğumuzu göstərməliyik. Mən hazırda Maştağa kəndində yaşayıram. Buranın sakinləri çox mehribandılar, heyvanlara qarşı da mərhəmətlidirlər. Pişikləri yedirirlər, itləri yedirirlər. Sahibsiz itlər çoxdur, amma insanlara heç zərər vermirlər. Bəzən görürük, it uzanıb yolun ortasında, kəndin içiylə gedən maşın, ona yaxınlaşıb nəzakətlə kənara çəkilməsinə çalışır. Qovmurlar itləri, daşlamırlar. Çox təəssüf ki, bir neçə iti gəlib apardılar. Kimsə şikayət etmişdi. O itlər məhəllədən gedəndən oğurluq halları da artdı..