Mehriban Zeynalova: Xalqı narkoman adlandırmağa kimsənin ixtiyarı çatmır

“Populist çıxış təsiri bağışlayır, necə yəni, hər 3 nəfərdən 1-i narkomandır?!”

Mehriban Zeynalova məktəblilər və müəllimlərin narkotestlərə cəlb olunmasını da yolverilməz hesab edir 

  “Qadına şiddətə son” layihəsi çərçivəsində hüquq-mühafizə orqanları əməkdaşları, ictimai təşkilatlar, media təmsilçilərinin iştirakı ilə “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda müzakirə keçirilib. Tədbirdə çıxış edən “Manşet.az” saytının təsisçisi Əli Vəliyev diqqət çəkən çıxış edib. Ə.Vəliyev çıxışı zamanı “Azərbaycanda hər 3 nəfərdən 1-i narkomandır”, söyləyib. O, televiziyaları narkomaniyaya qarşı maarifləndirici proqramlar hazırlamamaqda günahlandırıb. “Harda narkomaniya var, orada ailələr dağılır, boşanmaların sayı artır, Azərbaycan qadını, Azərbaycan kişisi mahiyyətini itirir”, söyləyən Ə.Vəliyevin çıxışına millət vəkili Arzu Nağıyev etiraz edərək Milli Məclisin lazımi qanunlar qəbul etdiyini, lakin qanunların icrasında problem olduğunu xatırladıb. Millət vəkili həmçinin, “mən dəfələrlə demişəm ki, məktəb müəllimləri və 11-ci sinif şagirdləri narkotestdən keçsinlər. O zaman bilinəcək kim, kimdir”, söyləyib. 

  Müzakirələr zamanı səsləndirilən fikirlərlə razılaşmadığını deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında xalqı narkoman adlandırmağa kimsənin ixtiyarının çatmadığını bildirdi: 

- Bu, mənə populist çıxış təsiri bağışlayır. Necə yəni, hər 3 nəfərdən 1-i narkomandır?! Ə.Vəliyev bunu hansı əsasla, hansı statistikaya söykənərək deyir? Bu birincisi. İkincisi, ailədaxili münaqişələri, boşanmaları, qadına qarşı zorakılığı narkomaniya ilə məhdudlaşdırmaq yanlışdır. Məişət zorakılığı ilə bağlı yalnız bir aspekti işıqlandırmaq qeyri-peşəkar yanaşma olar. Bu məsələdə yalnız bir amilin üzərində dayanmaq olmaz. Məişət zorakılıqlarının heç də hamısı narkotik maddə qəbulunun təsiri altında baş vermir. Narkomaniyaya qarşı ölkədə mübarizə aparılır, maarifləndirmə işləri də aparılır, cinayət təqibi də var. Məsələn, bizim sığınacaqda qalanlar arasında narkotik maddə istifadəçiləri də olur, var. Amma bu, o demək deyil ki, biz məişət zorakılığını ancaq narkomaniyanın üzərinə atmalıyıq. Məişət zorakılığında alkoqol asılılığı, xəyanət, ailə münasibətlərinə kənar müdaxilələr, ətrafdakı insanların təsiri, iqtisadi problemlər də var. Daha çox diqqət çəkənsə, məhz kənar müdaxilələrin təsiridir. Kişilər arasında rol-model olaraq köhnə kişi obrazıyla özünü idarə etmək, müasir ailə obrazını qəbul etməmək çoxluq təşkil edir. Yəni qadına qarşı zorakılığı, məişət zorakılığını yalnız narkomaniyaya şamil etmək, bizi digər amillərdən yayındırar. “Zorakılığa məhz narkomaniya təsir edir” söyləmək, tamamilə yanlışdır.   
  
M.Zeynalova məktəblilər və müəllimlərin narkotestlərə cəlb olunmasını da yolverilməz hesab edir: 
- Bu, insan haqlarına ziddir. Siqma yaratmaq düzgün deyil. Uşağın davranışında dəyişiklik varsa, bunu məktəb psixoloqu da təyin edə bilər. Məktəb psixoloqu həmin  uşaqla ayrıca söhbət edər və davranış pozuntusunun nədən qaynaqlandığını müəyyən edər. Əgər, əlbəttə, mütəxəssisdirsə. Uşağın davranış pozuntusu başqa amillərlə bağlı da ola bilir. Evdəki zorakılıq, uşağın düşdüyü mühit, əhatəsində olan insanlar, şəxsin davranışlarına təsir edə bilir. Bəzən siqma və müəyyən ailələrdə uşaqların davranışlarının dəyişməsinə  şübhəli münasibətlər çərçivəsində zorakılığın artması da təsir göstərir. Məsələlərə kompleks yanaşmaq lazımdır və bir deyil, bütün amilləri nəzərə alaraq hərəkət edilməlidir.