Məktəblərdə kriminal aləm: Problem nədədir?

Gəncədə şagirdi bıçaqlayıb öldürən şəxs tutuldu

“Əksəriyyət uşaqların aqressiv olmasında məktəbi günahlandırır. Bu məsələdə ən az günahı olan tərəf elə məktəblərdir”

“Cəmiyyət üçün kriminal gənclər yetişir. Problemin kökü kriminal mahnıların, filmlərin dinlənib izlənilməsinə dayanır”

  Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb, cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.
  Fakta görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.
  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə,
Gəncədə şagirdi bıçaqlayıb öldürməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov 10-cu sinifdə təhsilini dayandırıb. Qeyd edilib ki, F.Şabanov 10-cu sinifdə valideynin ərizəsinə əsasən təhsilini dayandırıb və şagird kontingentindən çıxarılıb. İdarədən vurğulanıb ki, F.Şabanov hadisədən öncə məktəbə daxil olmağa çalışıb, ancaq icazə verilməyib.
  Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Sherg.az"a açıqlamasında11-ci sinif şagirdinin məktəbin önündə, həm də öz həmyaşıdı tərəfindən bıçaqlanmasının xoşagəlməz hal olduğunu deyib.
  Hadisədə məktəb kontingentinin günahlandırılmasının doğru yanaşma olmadığını vurğulayan ekspert deyib ki, məktəbdə uşaqlara həmyaşıdları ilə dava etmək, onları bıçaqlamaq kimi davranışlar aşılanmır: “Əksəriyyət uşaqların aqressiv olmasında məktəbi günahlandırır. Zənnimcə, bu məsələdə ən az günahı olan tərəf elə məktəblərdir.
  Valideynlərin də bu məsələ bir günahının olmadığı qənaətindəyəm. Heç bir valideyn övladının cibində silah gəzdirməsini, başqa birinin övladını öldürməsini arzulamaz.
Amma şagirdlərin bıçağa əl atması kimi xoşagəlməz hallar əsasən ailələrdə uşaqlara düzgün tərbiyə verilməməsindən qaynaqlanır.
Məsələnin kökünü araşdırmaq üçün sadəcə bu hadisə üzərindən deyil, ümumi prizmadan yanaşmalıyıq. Valideynlər birbaşa günahkar olmasa da, düzgün tərbiyə verə bilmədikləri aşkardır. Uşaqların tərbiyəsində ailələr məktəbdən daha böyük rol oynayır.
  Məktəblərdə uşaqlar arasında maarifləndirici söhbətlər aparılmasına rəğmən bu cür hadisələrin yaşanması dəhşətli bir haldır. Məktəblilər arasında sorğu keçirsəniz, 5 nəfər Milli Qəhrəman adı çəkə bilməyəcəklər. Bəlkə, heç 3-nü də tanımırlar. Nə yerli, nə də dünyaca məşhur alim, yazıçı adı çəkə biləcəklər. Lakin kriminal aləmin nümayəndələri, “lotu”ların hamısını tanıyır, həyatlarını yaxından izləyirlər. Cəmiyyət üçün kriminal gənclər yetişir. Kriminal mahnıların, filmlərin dinlənib izlənilməsinə dayanır problemin kökü. Niyə bizim uşaqlarımız nümunəvi şəxsiyyətləri yox, avtoritetləri özlərinə kumir seçirlər? Bu, məktəbin günahı deyil axı. Deməli, problem cəmiyyətdən qaynaqlanır. Məktəblərdə kriminal avtoritet və kriminal aləm tədris olunur?
  Sözün açığı, insanların aqressiyası məndə təəccüb doğurur. Cəmiyyətdəki xaos da uşaqların tərbiyəsinə birmənalı təsir edir. Bizdən daha aşağı vəziyyətdə yaşayan ölkələrdə heç bu qədər xaos yoxdur. İnsanlarımız o qədər aqressiv olub ki, heç kimin üzündə gülüş, sevgi qalmayıb. Boş, mənasız bir hadisə üstündə ciddi mübahisələr, ölüm hadisələri baş verir. Uşaqlığımı xatırlayıram, insanlar necə mehriban, bir-birinə qarşı mərhəmətli idi. İndi insanlar öz doğmalarının belə yaxşı gününə sevinib, pis gününə üzülmür. Hamı laqeydləşib, inamsızlıq artıb. Uşaqları günahlandırırıq, amma problemin kökü böyüklərin bir-birinə qarşı olan münasibətindən qaynaqlanır. Deməli, səbəbkar cəmiyyətdir”.