Seçki sisteminin elektronlaşdırılması elektron dövlət formasının tərkib hissəsi sayılır 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi


Artıq oturuşmuş sistem formalaşıb

Azərbaycanda keçirilən seçkilərdə texnologiyalardan səmərəli şəkildə istifadə olunur



  Fevralın 7-nə Azərbaycan Respublikası Prezidentliyinə növbədənkənar seçki təyin edilib. Bu proses Azərbaycanın dövlətçilik tarixində, Azərbaycan xalqının siyasi həyatında olduqca mühüm bir seçki kimi yadda qalacaq. Çünki müstəqillik dövrü tariximizdə ilk dəfə olaraq bu seçkilər ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycan ərazisində keçiriləcək və bu seçkilərin nəticəsi bundan sonrakı tarixi mərhələdə Azərbaycanın yeni inkişafını təyin edəcək.
Ölkədə seçki ab-havası özünü büruzə verir, təbliğat-təşviqat kampaniyasına  yanvar ayının 15-dən start verilib.
  Hazırda respublikanın hər yerində seçki ab-havası hökm sürür. Bütün regionalarda, hətta işğal azad olunan rayonlarda belə bu tarixi günə ciddi hazırlıq davam etdirilir. Seçkiyə hazırlıq işləri seçki məcəlləsinin tələblərinə uyğun aparılmaqla məntəqələr səsvermə gününə hazır vəziyyətə gətirilir. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün məntəqələrdə veb-kameralar  quraşdırılıb. Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib. Belə ki, MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb.
  Göründüyü kimi, seçki prosesində müasir texnologiyalardan istifadə mühüm rol oynayır. Seçkilərin baş tutması bu prosesdə iştirak edənlərin faiz dərəcələrinin yetərincə olması və nəticələrin keçərli olması ilə xarakterizə olunur. Seçicilərin artıq vaxt itirmələrini, seçki prosesində iştirak edən müşahidəçilərə, mütəxəssislərə, həmçinin seçki bülletenlərinə çəkilən maliyyə xərclərini də nəzərə aldıqda, daha səmərəli, iqtisadi cəhətdən daha sərfəli olan bir sistemin meydana çıxması zərurəti yaranır.
  Təbliğat-təşviqat kampaniyasının əsasını prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin fikirlərini, platformasını, mesajını seçiciyə çatdırmaq təşkil edir, hazırkı seçki kampaniyaları 10-20 il öncəsinin seçki kapmaniyalarından xeyli fərqlənir. Bu fərqliliyin əsas  səbəblərindən biri, bəlkə də birincisi, müasir texnologiyaların inkişafı və yeni-yeni ünsiyyət vasitələrinin insanların həyatlarına daxil olmasıdır.
Əvvəllər seçki kampaniyalarında ən təsirli və həlledici rola malik elektron vasitə televizor və radio idi. Son illər isə kompüter texnologiyalarının inkişafı, internet, mobil telefon kimi yeni ünsiyyət vasitələrinin təşəkkülü və insanlar tərəfindən kütləvi istifadəsi seçki kampaniyalarında onlardan aktiv istifadə zərurəti yaradıb.
  Seçki texnoloqları seçki prosesində müasir texnologiyaları bir neçə yolla tətbiq edirlər: bloqlar, videolar, elektron məktublar, sosial şəbəkələr, web saytlar, mobil proqramlar və s.
Mütəxəssislər bildirirlər ki, namizədlərin tanıtımında ənənəvi metodların yerinə, rəqəmsal texnologiyalardan aktiv şəkildə istifadə daha yaxşı nəticə verir.

  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, seçkilərdə İKT-nın tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur. Seçki sisteminin elektronlaşdırılması elektron dövlət formasının tərkib hissəsi sayılır. 
  Azərbaycanda keçirilən seçkilərdə texnologiyalardan səmərəli şəkildə istifadə olunduğunu vurğulayan O.Gündüz  hesab edir ki, artıq bu sahədə oturuşmuş sistem formalaşıb: 

“Seçkilərin avtomatlaşdırılması, virtual müşahidələrin aparılması, mərkəzi seçki administrasiyası ilə dairə seçki komissiyaları arasında kommunikasiyanın qurulması, seçki məntəqələrində veb-kameraların quraşdırılması kimi texnoloji yeniliklərdən səmərəli istifadə olunur. 
  Seçki prosesində texnologiyalardan istifadə şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynayır. Veb-kameraların quraşdırılması seçkiyə müdaxilələrin qarşısını alır. Təcrübə təsdiqləyir ki, texnologiyanın tətbiqi seçki administrasiyasının işini xeyli asanlaşdırır və seçkilərin daha şəffaf və ədalətli keçirilməsində mühüm rol oynayır. O cümlədən, rəqəmsal texnologiyaların tətbiq olunması seçki prosesində çeviklik və effektivliyin artırılmasına xidmət edir. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılıb. Beynəlxalq təcrübədə özünü təsdiqləmiş son rəqəmsal yeniliklər 7 fevral seçkilərinin bütün mərhələləri üzrə tətbiq edilib”. 

  O.Gündüz bildirib ki, texnologiya modernləşdikcə, seçki prosesində rəqəmsal texnologiyadan istifadənin sərhədləri də genişlənir:
 “Məsələn, vətəndaşların elektron şəkildə identifikasiyası üzrə məsələ aktuallıq daşımağa başlayıb. Hətta pilot qaydada elektron səsvermədən istifadə məsələləri test edilir. Fikrimcə, bu yeniliklər təcrübədə təsdiqləndikcə, Azərbaycanda da tətbiqi reallaşacaq".