Ekspert: Fərdi avtomobillər və taksilərin sayı azalmayacaq

Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir

  “Sumqayıt-Bakı arasında yeni ekspress avtobus marşrutunun işə düşməsi irəliyə doğru ciddi addımdır. Lakin görüləcək işlər hələ çoxdur”.
 Bunu “Sherg.az”a açıqlamasında nəqliyyat eksperti  Ərşad Hüseynov deyib. İki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşımanın effektiv olmadığını vurğulayan ekspert deyib ki, bu məsələyə vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır: 

“On minlərlə (bəlkə də yüz mindən çox) insan gündəlik olaraq (yəni mütəmadi olaraq), öz rutin həyatının axarı olaraq bu iki şəhər arsında gedib-gəlir. Bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Bu, Sumqayıt yarandığı tarixdən belədir. Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Bunun imkanları araşdırılmaqla daha kiçik tutumlu (ehtiyac olan istiqamətdə həm də iri tutumlu) avtobuslarala ekspres marşrutlar yaradılmalıdır. Bu iki şəhər arasında qatarla daşıma imkanları da ciddi yaxşılaşdırılmalıdır. Əks təqdirdə fərdi avtomobillər və taksilərlə səyahət sayını azaltmaq asan olmayacaq. Nəzərə alınmalıdır ki, müasir insan üçün təkcə gediş haqqı yox, həm də yola sərf edilən zaman çox vacibdir. Aqlomerasiya daxilində gündəlik səfərlər edən insanlar üçün vağzaldan-vağzala daşıma ciddi vaxt itkisidir. Heç də hər kəs bu itkiyə getmir (daha artıq pul xərcləsə də)...
 
 Dəniz yolu və metro kimi alternativlərə gəldikdə isə Ə.Hüseynov hesab edir ki, Sumqayıtdan Bakıya dəniz yolunun heç bir perspektivi yoxdur: 
“4-5 saatlıq gəmi yoludur. Metro da çətin ki, yaxın 30-40 ilə tikilə. Həm də sürət qatarı var axı”.