Cəbrayıldakı müzakirələrə səbəb olan yaşayış kompleksi - AÇIQLAMA

33 yaşayış binası inşa olunur

Burada 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq

“Cəbrayılda həyata keçirilən şəhərsalma da beynəlxalq şəhərsalma prinsiplərinə uyğun aparılır”

  Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur. Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq. Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.
  Qeyd edək ki, Cəbrayılda inşa olunan yaşayış kompleksinin layihəsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. "Pərakəndədir", "binalar arasında məsafə azdır", “ Ətraf ucsuz-bucaqsız boş çöllər olduğu halda binaları bir-birinə bitişik niyə tikirlər” kimi iddialar səslənib.
Yaşayış kompleksində maşın saxlamaq, uşaqların oynaması, sakinlərin gəzməsi üçün yerlərin nəzərə alınmadığı qeyd edilib.
  Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov isə “Sherg.az"a açıqlamasında qeyd edib ki, işğaldan azad olunan bütün ərazilər kimi, Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə davam edir: 

“2021-ci ildə cənab Prezidentin, eləcə də, rayon ziyalılarının, ictimaiyyətin iştirakı ilə təməlqoyma həyata keçirilib və indi də quruculuq işləri davam etdirilir. Artıq rayon mərkəzində 33 bina inşa olunub. Eyni zamanda bir neçə kəndin təməli də qoyulub. Rayonun digər yerlərində də işlər dayanmadan həyata keçirilir. Bu da onu göstərir ki, bərpa və yenidənqurma işləri çox sürətli formada aparılır. Həyata keçirilən tədbirlərin fonunda demək mümkündür ki, Cəbrayılın öz sakinlərinə qovuşmasına çox az bir vaxt qalıb. Tezliklə cəbrayıllılar dədə-baba yurdlarına qayıdacaqdır. Sözügedən prosesin qısa müddət ərzində reallaşması üçün bütün işlər sürətli formada davam edir. İstər yol infrastrukturu, istər qaz və elektrik təchizatı ilə bağlı məsələlər operativ olaraq öz həllini tapır”.
  Millət vəkilinin sözlərinə görə, Cəbrayıl şəhərində inşa edilən yaşayış kompleksini tənqid edənlər məsələnin mahiyyətindən xəbərsiz olanlardır. Bu layihə hansısa bir memar yox, xarici mütəxəssislər tərəfindən hazırlanıb: “Cəbrayılda həyata keçirilən şəhərsalma da beynəlxalq şəhərsalma prinsiplərinə uyğun aparılır.
  Binalar bir-birinə bitişik tikilir deyəndə ki, şəhər necə salınır bəs? Binaların hərəsi bir tərəfdə olmalıdır? Pərakəndəlik kimi görünən hissələr ümumi ərazinin kiçik bir hissəsidir. Layihə üzrə işlər tam yekunlaşdıqdan sonra Cəbrayıl şəhəri Azərbaycanın gözəl guşələrindən biri olacaq.
  Cəbrayıl şəhərində Zəfər muzeyi, İşğal muzeyi, məktəblər, bağçalar, tibb ocaqları və digər inzibati strukturlar üçün binalar inşa ediləcək.
30 ildən çox işğal altında qalan Cəbrayılda hər şey dağıdılıb talan edilib deyə boş çöl kimi görünə bilər. Lakin “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən bərpa-quruculuq işləri başa çatandan sonra Cəbrayılda boş çöllər qalmayacaq. Şəxsən özüm həmin yaşayış kompleksində olmuşam və tənqid ediləcək bir layihə olduğunu düşünmürəm”.