Dəm qazı minadan təhlükəlidir: Bu "jurnal"dır, "film" hələ qabaqdadır


“Məsələ çox ciddidir, sadəcə "Azəriqaz" yox,  dövlət səviyyəsində, FHN səviyyəsində müdaxilə olmalıdır"

Dəm qazından ölən insanların  sayı günü-gündən artır. Minadan daha təhlükəli hesab edilən bu bəla sadəcə bir insan ölümü yox, ailə faciəsi ilə nəticələnir. 
Ötən gün Astarada ana və qızı hamamda dəm qazından boğularaq ölüblər. Yanvarın 26-da isə dəm qazı ADA tələbəsini və yeni evli qardaşını ölümünə səbəb olub.
Paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilib. Bunlar hələlik sonuncu qeydə alınan ölüm faktlarıdır. 
Təəssüf ki, qış fəsli başlayandan bəri bu cür bədbəxt hadisələr tez-tez baş verir. Hər gün 1, bəzən 2 nəfərin dəm qazının qurbanı olduğuna dair xəbərlər alırıq. 
Hər il eyni xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, faciəvi hallar təkrarlanır.
Mütəxəssislər isə hesab edir ki, dəm qazından zəhərlənmə, boğulma halları təhlükəsizlik tələbləri pozulduğu üçün baş verir.

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, bu "jurnal"dır, "film"  isə hələ qabaqdadır:

  ""Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti bir təchizatçı olaraq evlərə verilən qazın keyfiyyətinə nəzarət etmir. Müxtəlif yerlərdən götürülən  qaz nümunələri əsasında qazın tərkibi yoxlanılmalıdır. Yerdən çıxan qazın tərkibində  kükürd, neft məhsulları, buxar, su belə olur. Qaz neft emalı zavodunda zərərli maddələrdən təmizləndikdən sonra istehlakçıya verilməlidir. Amma "Azəriqaz" satıcı qurum  olaraq bunlara nəzarət etmir. 
Bir kubmetr qaz yananda 8,5 kkal istilik əmələ gəlməlidir. Məsələn, qazın üstündəki çaydan yarım saata qaynamalıdırsa, istilik 8.5 kkal- dan az olduqda isə qazın üstündəki çaydan yarım saat əvəzinə 40 dəqiqəyə qaynayacaq".
 
N.Qasımov bildirib ki, əhaliyə verilən təbii qazın tərkibinə mütləq etilmerkaptan  maddəsi vurulmalıdır ki, qaz sızması olanda insan bunu hiss etsin: "Bu maddə təbii, məişət və yanmış qazların tərkibinə odorant – xüsusi qoxuverici kimi vurulur. Onun çox kəskin qoxusu var, bir növ yumurta iyi verir. Qaz sızması, qazın düzgün yanmaması zamanı bu qoxu insanları duyuq salır. Qışda qazın hər 1000 kubmetrində 16 mq, yayda isə 8 mq həmin maddədən olmalıdır.
Buna da nəzarət yoxdur. Evlərə verilən qazdan  hərdən odorant qoxusu gəlir, hərdən də gəlmir. Yeri gəlmişkən, dəm qazıyla metanı qarışdırmaq olmaz. Dəm qazı insanı öldürmür, onu zəhərləyir. İnsanın ölümünə səbəb olan qaz metandır. Qazın tərkibinə vurulan “odorant” maddəsinə görə insanlar evə qaz dolduğu zaman asanlıqla hiss etməlidir.
Maddəni ona görə vururlar ki, yerdən çıxan metan qazı iysiz, rəngsiz, dadsızdır. Bu maddənin vurulması dövlət standartına daxildir". 

Ekspertin sözlərinə görə, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün ilk növbədə əhali arasında zəruri maarifləndirmə işləri aparılmalıdır:
“Qazla bağlı mümkün risklər mütləq nəzərə alınmalı və təhlükəsizlik qaydalarını bilməyən şəxslər bu sahədə təmir işlərindən kənar durmalıdırlar. Təəssüf ki, dəm qazından zəhərlənmə və ölüm hallarının geniş yayılmasına baxmayaraq, insanlar bu təhlükəyə yenə də etinasız yanaşaraq, hara gəldi və necə gəldi, qaz sobalarını quraşdırırlar. Sobaların, su qızdırıcılarının tüstü bacalarının olması şərtdir. Dəm qazı da həmin baca vasitəsilə bayıra ötürülməlidir. Həmçinin evlərdə müvafiq ventilyasiya kanalları olmalı və otaqların havası tez-tez dəyişdirilməlidir. Kustar üsulla hazırlanmış cihazlara qaz verilməsi qadağandır. 
İllərdir bu problemdən danışırıq, media hər il qış fəslində bir neçə dəfə toxunur bu məsələyə. Lakin insanlarımız bilə-bilə eyni səhvin qurbanı olurlar. 
Axı bizim millət savadsız, cahil deyil. Qazla bağlı məlumatsız heç deyil. 
Ölkəmizin qazla təchiz edilməsinin 100 illiyi yaxınlaşır. Yəni insanlarımızın qazla tanışlığının 1 əsrlik tarixi var. Hələ sovetlər dövründə "Azərbaycan qazlaşdırmanın pioneridir"- deyirdilər. Təəssüf ki, aradan illər keçməsinə rəğmən elə "pioner" olaraq da qalırıq. İldə iki dəfə tüstü bacaları yoxlanılmalıdır. Zəlzələdən sonra silkələnmə ehtimalı nəzərə alınaraq qaz cihazları yoxlama aparatları və yaxud sabun köpüyü ilə yoxlanılmalıdır ki sızma halı varmı? 
Bütün bunları heç kim nəzərə almır. Abonent elə bilir ki qaz onların şəxsi mülkiyyətidir. Elə deyil axı! 
Qaz " Azəriqaz"ın mülkiyyətidir və bu qurum qazdan istifadə qaydalarına riayət olunmasına nəzarət etməlidir. 
İnsanlar nəzarətsizlikdən istifadə edib öz bildikləri kimi qaz təsərrüfatının başına oyun açırlar. 
"Azəriqaz" isə evlərdə olan qaza nəzarət etmir, qurum rəsmisi ancaq sayğaca qədər təhlükəsizliyə cavab verdiklərini, məsuliyyət daşıdıqlarını bildirir".

Qazın təhlükəsinin minadan artıq olduğunu vurğulayan N. Qasımov  deyib ki, bəs 2.5 milyon abonentin evinə buraxılan qaza, əhalinin təhlükəsizliyinə kim cavab verəcək?
Bir evə lazım olandan 4.5%-dən çox qaz yığılarsa artıq partlayış üzrə zəmin hazırdır: " Bu zaman partlayışın həcmi bir kvadrat metrə 400 tondan artıq düşür. Kim gedib əhalini başa salmalıdır ki, küləkli günlərdə dəm qazı tüstü bacası tərəfindən ötürülə bilmir? Külək tüstü borusundan qazı hamamxanaya doldurur. İçəridə olan isə 7 dəqiqədən 30 dəqiqəyə qədər müddətdə həyatını itirir.
Səhlənkarlıq, qaz təsərrüfatında rekonstruksiya işləri aparması, naşı ustalara iş gördürülməsi çoxlarının fəlakətinə səbəb olur. Tüstü bacaları damdan yarım metr hündürdə olmalıdır. Bizdə isə hər kəs istədiyi kimi istifadə edir, "Azəriqaz" isə buna nəzarət etmir. Ona görə deyirəm, bu hələ  jurnaldır. İrəlidə bizi çox boğulmalar, zəhərlənmələr, yanğınlar, partlayışlar gözləyir. Nəzarət yoxdur, nəzarət olmayan yerdə də səhlənkarlıq baş alıb gedir.
Mətbəxi kəsib uşaq otağı edirlər, balkonu hörüb hamam düzəldirlər. Ya da hamam otaqlarında pəncərələri hörüb, əlavə bir otaq açırlar. Bununla da otaqlara hava çəkməyə, işıq düşməyə yer qalmır. Bu da öz növbəsində belə fəsadlarla nəticələnir. 
Statistikaya görə insanlar daha çox dəm qazından hamam otağında zəhərlənirlər. Niyə?  Çünki  zəhərlənmənin qarşısını almaq üçün qəbul edilən standartlar var, heç kim əməl etmir. 
Təbii qazla işləyən su qızdırıcılar quraşdırılan vanna otaqlarının həcmi 7.5, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6 kubmetrdən az olmamalıdır.

Vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır.

Vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0.02 kvadratmetrdən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır.
Vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr poladdan olmalıdır.
Qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır. Mətbəxlərə gəlincə isə yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır. Bundan əlavə mətbəxin həcmi dördgözlü plitələr üçün 15 kubmetrdən, üçgözlü plitələr üçün 12 kubmetrdən, ikigözlü plitələr üçün 8 kubmetrdən az olmamalıdır. Nəhayət, mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1 metr məsafə olmalıdır".

Tibbdəki "xəstəliyin profikaktikası onun müalicəsindən daha asandır" deyiminə istinad edən ekspert qeyd edib ki, qaz cihazları mütəmadi olaraq yoxlansa, aidiyyatı qurum nəzarət etsə, nə boğulma, nə də partlayış olar. 
Sovetləri bəyənmirik, amma bir gün ərzində 1800 evə gedib qaz cihazlarının necə quraşdırıldığını yoxlayır, əhalini təlimatlandırırdıq. İndi "bizi evə buraxmırlar" bəhanəsi ilə aidiyyatı qurum əməkdaşları evlərə getmir. Evə buraxmır, qazın verilməsini dayandır.  Təhlüləsizlik üçün mütləq evlərə baxış keçirilməlidir axı. Bəlkə elə kimsə evində kustar üsulla hazırlanan cihazdan istifadə edir? Sabah o evdə partlayış olsa tək özü yox, digər mənzillərdə yaşayan insanlar da maddi-mənəvi ziyan görəcək. Bəlkə də, kütləvi ölüm hadisəsi belə qeydə alınacaq. Məsələ çox ciddidir, sadəcə "Azəriqaz" yox,  dövlət səviyyəsində, FHN səviyyəsində müdaxilə olmalıdır".