Yeniyetmənin "qəhrəmanlığı"na psixoloqdan münasibət

Psixoloq: “Məncə, onun tanınmış ailəyə mənsub olması daha çox gündəm yaradıb, nəinki özünün davranışları”

“Bu da cəmiyyətimizin hadisələrin mahiyyətinə, daxilinə deyil, zahirinə daha çox önəm verdiyini göstərir. Və bu da başqa bir anormallıqdır”

  Sosial şəbəkələr, internet resursları indi də bir yeniyetmənin mənasız, ictimai yükü olmayan videolarıyla dolub-daşır. Hansı məqsədlə yayılır bu videolar? Əgər məqsəd yeniyetmənin sağlıq durumunu gündəmə gətirmək, hər hansı xəstəliyi, çatışmazlığı varsa aradan qaldırılmasına kömək etmək olsaydı, nə xoş halımıza. Amma belə görünmür. Görünən budur ki, məqsəd onu lağlağı obyektinə çevirmək, ailəsini gündəmə gətirməkdir. Kimə maraqlıdır, bir yeniyetmənin qoca qarını qucağına alması, ya da aptekdə kimisə söyməsi, təhqir etməsi? Daxili İşlər Nazirliyi yeniyetmə ilə bağlı məlumat yayıb. Bildirilir ki, yetkinlik yaşına çatmayan A.C. Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilib. Bundan əvvəlsə DİN belə bir məlumat yaymışdı: “Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır. Əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək". Bu şəxs sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşıb, yaşlı insanları, başqalarını narahat edir, birisini söyür, birisini vurur. Və bunları videoya çəkib tiktoka yerləşdirir. Əgər bu insan xəstədirsə, necə olur ki, video çəkir və sonra da tiktoka yerləşdirir? Bu davranışların bir izahı varmı? Yeniyetmənin məşhur ailəyə mənsub olması da baş verənlərə marağı artırır. Anlamaq çətindir: psixi çatışmazlıqdır, yoxsa sadəcə, özünü arxalı bildiyindən illərlə formalaşmış davranış tərzi? Yeniyetmənin xəstəxanaya yerləşdirilməsi xəbəri də təsdiqini tapmır.
  Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, yeniyetmə ilə bağlı diaqnoz qoymaq düzgün deyil:
- Bu yeniyetmənin hansısa xəstəliyi dəqiqləşmədən, onun barəsində rəsmi məlumat verilmədən diaqnoz qoymaq olmaz. Tərbiyəsiz uşaqdı, ailə dəyərlərinə fikir verməyən uşaqdı, yoxsa hər hansı psixi pozuntusu var? Bunu bilmirik. Hərəkətləri, davranışları isə qəribədir. Bəli, normal insan, küçədə tanımadığı adamı qucağına almır, aptekə daxil olub heç bir hadisə baş vermədən kimisə təhqir etmir. Amma burada önəmli olan cəmiyyətin reaksiyasıdır. Bu hadisə əslində bizə, hadisələrə başqa yöndən baxış aşılamağı öyrətməlidir. Qarşı tərəfin hansı problemləri olduğunu bilmiriksə, ona qarşı dözümlü və anlayışlı davranmalıyıq. Ümumiyyətlə, insanlara qarşı daha təmkinli olmağı öyrənməli və bunu gündəlik həyatımızda tətbiq etməliyik. Bu cür halları gündəmə gətirib günün əsas mövzusu, əsas hadisəsi kimi təqdim etmək doğru deyil. Bununla cəmiyyət ətrafa aqressiya püskürmüş olur. Bu isə normal cəmiyyətlərdə anormal hesab edilən haldır.
Bəs bu cür insanlarla qarşılaşdıqda hansı addım atılmalıdır?
  Psixoloq qeyd etdi ki, bu halda polisə müraciət edib təcrid olunmasını xahiş etmək daha doğrudur:
- Mən belə edərdim. Əgər bu şəxs cəmiyyət üçün təhlükəlidirsə, hərəkətləri, davranışları ətrafa təhlükə yaradırsa. Bilirsiz, məncə bizim önəm verəcəyimiz bu olmalıdır; bu uşaq adi ailədən olsaydı, onun haqqında bu qədər söz-söhbət yaranacaqdımı? Məncə, onun tanınmış ailəyə mənsub olması daha çox gündəm yaradıb, nəinki özünün davranışları. Bu da cəmiyyətimizin hadisələrin mahiyyətinə, daxilinə deyil, zahirinə daha çox önəm verdiyini göstərir. Və bu da başqa bir anormallıqdır.