Tıxac probleminə ekspertdən TƏKLİF

Tıxaclar artıb, avtobuslar gecikir

Yeni salınan avtobus zolaqları faydalı nəticə vermədi

Yoxlama aparmadan xarici layihələrin ölkəmizdə tətbiqi bəzi hallarda gözlənilən nəticə vermir

  Azərbaycanda bir müddət əvvəl bəzi küçələrdə avtobus zolaqları salınıb. Bu zolaqlarda ancaq ictimai nəqliyyat üçün istifadə edilən avtobusların hərəkətinə icazə verilir. Digər avtomobillərin bu zolaqdan istifadəsi qadağandır.
Məlumata görə, Bakı şəhərinin və Abşeron rayonunun küçələrində 21 avtobus zolağı mövcuddur. Şəxsi avtomobildən istifadə edənlər və taksi sürücüləri avtobus zolaqlarından şikayətçi olsalar da, ictimai nəqliyyatdan istifadə edənlər razıdır.
  Avtobus zolaqlarının salınmasının məqsədi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin mənzil başına daha tez çatmasını təmin etməkdir.
Lakin Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları effektiv olmaq əvəzinə əlavə problemlər yaradıb.
  Millət vəkili Hikmət Babaoğlu Milli Məclisin dünən keçirilən iclasında bu mövzuya toxunub.
H.Babaoğlu bildirib ki, Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları tıxacları artırıb, avtobuslar gecikir, çəkilən zolaqlar faydalı nəticə verməyib: “Digər tərəfdən, velosiped zolaqları ilə bağlı da çatışmazlıqlar mövcuddur. Zolaqlar bir tərəfdən avtomobillərin hərəkətinə problem yaradır, digər tərəfdən isə velosipeddən istifadə edən şəxslərin təhlükəsizliyi heç də tam təmin olunmur. Yollarımızda əsaslı yenidənqurma işləri aparılmadan bu yenilikləri tətbiq etmək faydalı deyil. Gələcəkdə avtomobil yollarının idarə olunması ilə bağlı bizə yeni qanun lazımdır”.
  Nəqliyyat eksperti Aslan Əsədov da “Sherg.az"a açıqlamasında deyib ki, yoxlama aparmadan xarici layihələrin ölkəmizdə tətbiqi bəzi hallarda gözlənilən nəticə vermir. Lakin bu o demək deyil ki, xarici təcrübədən imtina edilməlidir. İnfrastrukturun imkan verdiyi yollarda dünya standartlarına uyğun yeniliklər tətbiq edilməlidir: “Bakı-Sumqayıt yolu respublika əhəmiyyətli yollar sırasına daxildir. Böyük əhəmiyyətə malik bu yol Bakı şəhərinin vahid şimal giriş-çıxış zonasını əhatə edir və ona görə də daha çox yüklənməyə məruz qalır.
  İctimai nəqliyyatın təkmilləşdirilməsi həllini tapması gözlənilən başlıca məsələlərdəndir. Avtobus zolaqlarının çəkilməsi bir neçə il öncədən proqnozlaşdırılmış işlər sırasında idi. Bu zolaqların çəkilməsi marşrutların intervalına istər dolayı, istərsə də birbaşa yolla təsir edir. Sadəcə, düyün nöqtələri var ki, oralardan keçdikdə avtobusların hərəkətində müəyyən problemlər yaranır.
  Söhbət Xırdalan dairəsinə, Xocasən dairəsinə yaxınlaşan yollardan gedir. Bir də “Şamaxinka” və 20 Yanvar metrostansiyasına qalxan istiqamətlərdə hərəkət dayanır və tıxac olur. İndiki halda zolaqlar tıxacların qarşısını almağa müvəffəq olmasa da, görülən işlərin səmərəliliyi artdıqca müsbət nəticələr mümkün olacaq”.
  Ekspertin sözlərinə görə, pik saatlarda paytaxtın cənubundan mərkəzə doğru, Bayıl qəsəbəsindən şəhərin mərkəzinə giriş müşkülə çevrilir. Bu yolda da texniki təchizat yenilənməli, işıqforların sayı azalmalı və yol patrul xidmətinin sayı artırılmalıdır.