Çayın dəmlənmə üsulu və içilmə saatı - MARAQLI FAKTLAR

Dəmləndikdən sonra ən geci 30-40 dəqiqə ərzində içilməlidir

“Çünki çay qaldıqca tərkibindəki turşular zərərli olur”

  Dünəndən qalma köhnə çay dəmini səhər içmək orqanizmə zərərlidir.
“Medicina” xəbər verir ki, dietoloq Yelena Solomatina köhnə çaydan zəhərlənmə ehtimalından danışıb.
  “Çay dəmləndikdən sonra oksigenin təsirindən bir müddət sonra zərərli birləşmə və bakteriyalar yaranır. Hətta çayın üzərində tünd rəngdə plyonka yaranır, adətən bunlar fincanın içində qəhvəyi ləkələr qoyur. Patogen bakteriyaların yaranmasını şəkər sürətləndirir.
Köhnə dəmlə zəhərlənmək olmur. Amma orqanizm bu patogen mikroflora ilə mübarizə aparmağa enerjisini sərf edir, resursunu tükədir.
Belə çaydan allergik fon yaranır, bağırsağın işi pozulur. Amma hər şeydən çox köhnə çay qaraciyərə zərər verir, çünki toksinlər orda toplaşır. Hər dəfə köhnə dəm içənlərin qaraciyəri və ürəyi zərər çəkmiş olur”.
  Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova çayın insan orqanizminə təsirləri haqqında “Sherg.az"a açıqlamasında ilk növbədə çayın dəmlənmə üsulu və içilmə saatının önəmli olduğunu deyib. Çayın 10-15 dəqiqə ərzində dəmləndiyini deyən ekspert vurğulayıb ki, çay dəmləndikdən sonra ən geci 30-40 dəqiqə ərzində içilməlidir: “Çünki çay qaldıqca tərkibindəki turşular zərərli olur və öz dəyərini itirir. Ona görə də mütləq şəkildə dəmləmədən sonrakı müddətə diqqət etmək lazımdır. Ağız boşluğu, diş minasına xeyri olsa da, dişləri saraldır. Gün ərzində 3 stəkandan artıq çay içilməsi məsləhət görülmür. Eyni zamanda axşam saat 5-6 arası içilməsi daha faydalıdır. Ümumiyyətlə, çayı yeməkdən 20-30 dəqiqə əvvəl içmək daha xeyirlidir. Bəzən ağır, yağlı ət yeməklərindən 40 dəqiqə, bir saat sonra çay içmək fayda gətirir. Çünki bu zaman həzm prosesi yaxşılaşır”.
  Ekspert qeyd edib ki, keyfiyyətli çay dəmlənmə prosesində daha gec rəng alır və nisbətən açıq olur: “Çay yüksək emal prosesindən keçir və qaynar su ilə təmas zamanı rəng verir. Bu da tərkibində kimyəvi boyaların olmasından xəbər verir. Ona görə mümkün qədər tez rəng alan çaylardan uzaq olmaq lazımdır. Çayı şirniyyatla içmək əvəzinə darçın, mixək, hil, zəncəfil, nanə, yasəmən, cökə, kəklikotu və sair kimi ədviyyatlar əlavə olunması daha faydalıdır. Şirniyyatlar çayla istehlak edildikdə orqanizmdə parçalanma prosesi getmir, həzm prosesi pozulur. Bu, qaraciyərin, mədəaltı vəzin yüklənməsinə, qan təzyiqinin artmasına və artıq çəkiyə gətirib çıxarır. Səhər yeməyində su və ya bir stəkan meyvə şirəsi içmək çaydan daha faydalı təsirə malikdir”.