Əmlak bazarında vəziyyət: Qiymətlər...

Mənzillərin qiyməti kifayət qədər bahadır

Bakıda beş il əvvəl ipoteka kreditləri ilə mənzil almaq daha əlverişli idi

  Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start verilib. Bu il ayrılması nəzərdə tutulan kreditin həcmi 2023-cü ildəki ilə eynidir. İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov bildirib ki, hazırda 22 bankla əməkdaşlıq edilir və onların siyahısı fondun rəsmi səhifəsində qeyd edilib. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbul tarixi isə hələlik məlum deyil.
  Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə hesab edir ki, Bakıda ipoteka kreditləri ilə beş il əvvəl mənzil almaq daha əlverişli idi, nəinki indi.
Hazırda ipoteka predmetinə çevrilə bilən mənzillərin qiymətinin kifayət qədər baha olduğunu vurğulayan ekspert deyib ki, əmlak bazarında qiymətlər çox bahalaşıb:

"Mərkəzə yaxın ərazilərdə birotaqlı mənzillərin satış qiyməti 100 min manatdan bahadır. Adi və güzəştli ipotekaların həcmi artırılmalıdır. Bu gün ipotekayla 100 min manata ev almaq çətindir. Bu yalnız çıxarışsız həyət evləri sənədlə təmin edilərsə əlverişli olacaq. Ucuz qiymətə həyət evləri var. Lakin həmin evlərin çıxarışı olmadığına görə kreditlə satıla bilmir".
  E.Fərzəliyev hesab edir ki, güzəştli şərtlərlə verilən ipoteka kreditləri paytaxtdan başqa digər regionlar üçün çox əlverişlidir: "Ümumi götürdükdə güzəştli şərtlərlə veriləcək olan bu kreditlər əmlak bazarına müsbət təsir edəcək. Alıcılıq kütləsini artıracaq. Amma güzəştli kateqoriyaya aid olan şəxslər onlara ayrılan ipotekanın üzərinə məcburdur ki, əlavə pul qoyub mənzil alsınlar.
  Hazırda Bakı şəhərində mənzillərin qiyməti pik həddədir. Lakin əmlak bazarında alıcı qıtlığı var. Belə davam eləsə, mənzillərin qiymətləri düşə bilər".
  Ekspertin fikrincə, vətəndaşların ipotekalardan yararlana bilməsi üçün münbit şərait yaratmaq lazımdır. Bunun üçün də dövlət dəstəyi olmalı, sosial layihələrin sayı artırılmalıdır: “Maya dəyəri aşağı olan sosial evlər tikilməlidir ki, vətəndaşlar həmin mənzillərdən ala bilsinlər. Mənzil-tikinti sahələrinin sayı artsa, ev almaq daha əlçatan olar. Çünki dövlət xətti ilə tikilən binalarda torpaq sahəsini dövlət ayırır və bir çox vergilərdən azad olduqlarına görə orada qiymətlər adi mənzillərdən 2 dəfəyə qədər daha ucuz təklif olunur. Amma sosial layihələrin sayı məhdud saydadır. Hər satış zamanı minlərlə müraciət olur, bir neçə yüz nəfər mənzil sahibi ola bilir”.