Astronomiya fənni orta məktəblərə qaytarılmalıdır - RƏY

İndi kosmos əsrində yaşayırıq

  Astronomiya ciddi elmdir. Niyə orta məktəblərdə fənn kimi yığışdırıblar, görəsən?”. Bu sualla sosial media hesabında gənc tarixçi Şəhla Cabbarlı çıxış edib.
Tarixçinin sözlərinə görə, orta əsrlərdə dünyada bu elmlə ən ciddi məşğul olan alimlər azərbaycanlı və özbək alimləri olublar: “Bizim alimlərin kitablarından hələ də dünya elmi faydalanır. Biz isə 21-ci əsrdə o elmdən bixəbərik”.
  Astronom Nazim Həsənov isə “Sherg.az"a  açıqlamasında deyib ki, 15 il əvvələ qədər Astronomiya fənni səma cisimlərini öyrənən bir sahə kimi orta ümumtəhsil məktəblərində tədris olunurdu: 

“Lakin Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində Astronomiya ayrıca fənn kimi tədris fənlərinin sırasından çıxarıldı. 2019-cu ildə bu məsələyə yenidən baxılsa da, yenə də Astronomiya fənninin tədrisi lazımsız hesab olundu.
  Mən də bir çox mütəxəssislər kimi astronomiyanın orta məktəb proqramından çıxarılmasını düzgün hesab etmirəm. Həmin vaxtlar da bu məsələ ilə bağlı öz narazılıqlarımı dilə gətirdim. Bir neçə dəfə təkliflər göndərilsə də, hələ də bu fənn tədris proqramına yenidən daxil edilmir.
Axı biz kosmos əsrində yaşayırıq, insanlar Aya, Marsa uçur, digər planetlərə köç etməyə hazırlaşır, necə ola bilər ki, bizim uşaqlara Astronomiya fənni tədris edilməsin?”.
  N.Həsənovun sözlərinə görə, Astronomiya fənni dünya sivilizasiyasının aparıcı sahələrindən biridir. Xüsusən də, indiki “Kosmos əsri”ndə belə bir fənnin məktəblilərə öyrədilməməsi arzuolunan hal deyil:
- Rəsmilər belə açıqlama verir ki, Astronomiya fənn kimi ləğv olunsa da, Həyat bilgisi, Fizika və Coğrafiya dərsliklərinin məzmununda müəyyən dərəcədə əksini tapıb. Amma orada sadəcə ilkin bilgilər haqqında qısa məlumatlar yer alıb. Ümumi Günəş sistemi ilə bağlı müxtəlif dərsliklərin tərkibində tədris olunan məlumatlar belə köhnədən qalmadır.
  Halbuki bu sahə ildən-ilə yenilənir. 2010-cu ildə Azərbaycanda bu sahəyə maraq az ola bilərdi. İndi ki kosmik inkişafımız, mobil rabitəmiz, kosmik peyklərimiz var!? XXI əsrdə astronomiya sürətlə inkişaf etməkdədir. Son illərdə Nobel mükafatlarının məhz astrofizika sahəsindəki kəşflərə verilməsi bu elmə dünya miqyasında verilən qiymətdir. Astronomiya və onun istiqamətlərindən biri olan astrofizika yaxın gələcəyin elmidir. Odur ki, bu gün yaşadığımız kosmos əsrində astronomiyanı geniş şəkildə öyrənmək üçün onun fənn kimi tədrisinə ciddi ehtiyacımız var. Düzdür, indi internet, sosial şəbəkələr geniş yayılıb, hər məlumatı ordan əldə etmək mümkündür. Amma indiki şagirdlərin maraq dairəsi o qədər dardı ki, əlavə məlumat oxumaq istəmirlər. Adi Günəş tutulmasının necə baş verdiyindən çoxunun xəbəri yoxdur. Heç kim məlumat tapıb oxumur ki, bu proses nədir. Amma məktəbdə həftədə 1 dəfə astronomiya keçilsəydi, müəllim gəlib dərsdə onu izah edərdi. Ona görə də astronomiyanın məktəblərdə tədrisi mütləq bərpa olunmalıdır. Bir insanın normal dünyagörüşünün olması üçün ən azından harda yaşadığını bilməli, az da olsa, astronomiyanı öyrənməlidir