ƏSGƏR RƏSULOV: NUR PAYLAYAN ZİYALI

Nəriman Əbdülrəhmanlı yazır…

1.Ömür missiyası

Hər dəfə onun haqqında düşünəndə gözlərim qarşısında Nur Topası canlanır, həmişə də o nurdan işqlanır, saflaşıram...
Sonra fərqinə vardım ki, elə ZİYALI anlayışının əsl mahiyyəti də bundan, öz işığını başqalarına bol-bol, həm də təmənnasız yaymaqdan ibarətdi...
Görkəmli ədəbiyyatşünas-alim, türkoloq, tərcüməşünas, milli yaddaşımızın təəssübkeşi,  filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun bu həyatdakı ömür missiyasını böyük səxavətlə və ürəkgenişliyiylə gerçəkləşdirdiyinə tamamilə əminəm...  
Əsgər Rəsulov çətinliklərlə, ağrı-acılarla, eyni zamanda da hədsiz dözüm sayəsində qazanılan uğurlarla dolu həyat yaşayıb. İndi, illər ötəndən sonra keçilmiş yolun əriş-arğacını yaddaşında canlandırdığı məqamlarda, yəqin ki, haqlı olaraq daxili rahatlıq hissi keçirir. Çünki çəkdiyi zəhmət və əziyyət hədər getməyib, qarşısına sanballı nüfuz, əsərlər, ictimai mövqe, bir də qazandığı çoxsaylı dostlar şəklində çıxıb...
Amma o, haqqı olan məqama çatanda belə, mənən dəyişməyib, ZİYALI ucalığında qalıb, elə buna görə də könüllərdəki yeri daha uca olub. Qələm dostum Əlabbasla tamamilə şərikəm ki, Əsgər Rəsulov “...əvvəl yoldaşlığın, sonra insanlığın, ardından isə dostluğun haqqı nəyi gərəkdiribsə, ona sədaqətlə əməl eləyib. Hələ cavanlıq illərindən ağır oturub, batman gələn Əsgər müəllimin simasının dəyişməzliyi, xarakterinin kamilliyi və mənəvi bütövlüyünün elə gözlə də görünən fəzilətidi. Qızılgül yağı kimi zərrə-zərrə toplanılan bu yüksək əxlaqi dəyərləri onun yalnız parlaq şəxsiyyətlərə xas bir məharətlə qoruyub saxlamaq heç də hər kəsə nəsib olmur”.

2.Uzun və keşməkeşli yolun yolçusu

Əsgər Rəsulov müstəqil həyata zəhmətlə qədəm qoyub, bir müddət fəhlə işləyib, sonra indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türkologiya bölümündə təhsil alıb, təhsilini fərqlənmə diplomuyla başa vurandan sonra SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə dörd il Türkiyədə yaşayıb, tərcüməçi kimi çalışıb.
Ardınca elmi araşdırmalara meyli Əsgər Rəsulovu bitirdiyi təhsil ocağına qaytarıb, o, laborant, müəllim, dosent pillələrini keçib, professor məqamına çatıb,  1983-cü ildə “Türk ədəbiyyatında oçerk janrı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə “Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları” mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını uğurla müdafiə eləyib, türk dili, türk ədəbiyyatı, türk filologiyasına giriş, tərcümə nəzəriyyəsi, türk dialektologiyası fənlərindən dərs deyib. 
Əsgər Rəsulovun kifayət qədər tələbəsiylə tanışam, hamısında da müəllimlərinə sonsuz hörmət sezmişəm. Həm də tələbələri onu yalnız ali insani xüsusiyyətlərindən, alicənablığından, həmsöhbətinin könlündəki ən məhrəm guşələrə yol tapmaq qabiliyyətindən deyil, həm də savadından, tədris elədiyi predmetə bələdliyindən ağızdolusu danışıblar...
Professor Əsgər Rəsulov elmi-pedaqoji fəaliyyətlə yanaşı, 2012-ci ildən  Milli Arxiv İdarəsinin rəis müavini işəyib, 2018-ci ildənsə milli yaddaşımızın saxlanc yeri olan həmin idarənin rəisi kimi məsul vəzifəni yerinə yetirir. 
Bunun üzərinə tərtib etdiyi sözlükləri, qələmə aldığı çoxsaylı elmi əsərləri, ressenziyaları, portret yazıları... da gəlsək, gözlərimiz önündə zəhmət və ləyaqətlə yaşanmış bir ömrün yetərincə dolğun mənzərəsi canlanar...
Professor Əsgər Rəsulov yalnız Türkiyəyə, türkcəyə, türk ədəbiyyatına mükəmməl bələd olan bənzərsiz mütəxəssis deyil, eyni zamanda, geniş maraq dairəsinə, zərif duyumuna, heyrətamiz mütaliəsinə, qibtə ediləcək diqqətcilliyinə yaxşı mənada həsəd apardığım insandı. Onun təkcə araşdırmalarında yox, həm də sanballı mövzularda qələmə aldığı tənqidi, publisistik yazılarında heyrətamiz ədəbi həssaslıq, mətbuata çıxarmağa xəsisliklə yanaşdığı şeirlərində aşkar sezilən özünəməxsusluq var. Üstəlik, təkcə insanlarla münasibətində yox, elə yaradıcılığında da əxlaq prinsiplərini qoruyub saxlaması Əsgər Rəsulovun mənəvi siqlətinin nişanəsidi...

3.Müasir Azərbaycan türkologiyasının əsas simalarından biri

Professor Əsgər Rəsulovun savadı, pedaqoji məharəti və uğurları barədə həmkarları və tələbələri kifayət qədər bilərlər. Amma elmi yaradıcılığı onu müasir Azərbaycan türkologiyasında sanballı yeri olan tədqiqatçı-alim kimi təqdim etmək üçün imkan verir... 
Əsgər Rəsulov dəfələrlə təkrar nəşr olunmuş “Türk dili” dərsliyi (həmmüəlliflə), “Türkcə-azərbaycanca-rusca dilçilik terminləri lüğəti” və “Azərbaycanca-türkcə-rusca dilçilik terminləri lüğəti” (həmmüəlliflərlə), “İzahlı türkcə-azərbaycanca yalançı ekvivalentlər lüğəti” sözlükləri, “Tərcümə nəzəriyyəsi və təcrübəsi” dərs vəsaiti, ali məktəblərin rus bölmələrinin tələbələri üçün “Müasir türk dili” dərsliyi, sanballı monoqrafiyalar, çox sayda dərs vəsaiti və proqramlar, Azərbaycanda və xarici ölkələrdə çap edilmiş 100-dən artıq sanballı elmi məqalə qələmə alıb. 
Alimin “Çağdaş türk sənədli nəsrində Azərbaycan mövzusu”, “Xitabət sənəti və türkçülük məfkurəsi”, “Orxan Pamukun bədii publisistikası”, “İnsan psixologiyasını qavramaq istedadı”, “Bədii nitq sənədli ədəbiyyat janrı kimi”, elmi əsərləri çağdaş türkologiya elmimizə dəyərli töhfədi.
Professor Əsgər Rəsulovun “Türk sənədli-bədii nəsri” (2004) monoqrafiyası bədii ədəbiyyatın, publisistikanın və elmin xüsusiyyətlərini özündə birləşdirən, gerçəkliyi dərk etməyin, həyat həqiqətlərini əks etdirməyin, oxuculara təsir göstərməyin müxtəlif forma, metod və üsullarından faydalanan bu yaradıcılıq tipinin bədii-sənədli nəsrin - təxminən 600 il ərzində keçdiyi yolu araşdırmaq üçün öz vaxtına, zəhmətinə qızırğalanmayıb. Təkcə araşdırma üzərində işləyəndə müəllifin tanış olduğu mənbələrin sayı (537 kitab və məqalə!) mövzunun nə qədər əhatəli, qarşıda duran vəzifənin nə qədər çətin olduğundan xəbər verir. 
Bununla yanaşı, onun həmin müddətdə sənədli-bədii qaynaqları, təşəkkül və təkamül mərhələləri, bədii-publisistik ədəbiyyatın predmeti, funksiyası, nəzəri-estetik məsələləri, sənətkarlıq xüsusiyyətləri, janr və formalarını... araşdırması tədqiqatın miqyasını göz önünə gətirir, monoqrafiya həm də, hər şeydən əvvəl, müəllifin mövzuya hərtərəfli baxışıyla yadda qalır...

4.Tərcüməşünaslıq elmimizi formalaşdıran alimlərdən biri

Müstəqillik dövründə Türkiyə ilə bütün sahələrdə sıx münasibət qurulması cəmiyyətimizə sonsuz faydalar gətirməklə yanaşı, tərcümə və dillərin qarşılıqlı zənginləşməsi sahəsində bir sıra ağrılı problemləri də ortaya çıxardı. Əlbəttə, 300 milyondan artıq əhalisi olan türkmənşəli və türkdilli ölkələr üçün ortaq türkcə vacibdir və bu barədə tez-tez müzakirələr də gedir. Amma bir çoxları Anadolu və Azərbaycan türkcələrini qohum dil sayıb hətta tərcüməyə belə ehtiyac duymayanlar türk yazıçılarının əsərlərini dilimizə “çeviriblər”, yaxud “uyğulayıblar”, bu düşüncəylə də “yaşayıb-yaradıblar”, nəticədə ortaya üçüncü dili xatırladan gülməli-ağlamalı “tərcümələr” çıxıb. 
Professor Ə.Rəsulovun “Türkiyə türkcəsi və Azərbaycan dili: qarşılıqlı anlaşma və tərcümə problemləri”, “Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümənin çətinlikləri”, “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili” monoqrafiyaları, “Tərcümə nəzəriyyəsi və təcrübəsi” dərs vəsaiti bu cür “tərcümələr”lə bağlı həm ciddi həyəcan siqnalı, həm nəzəri araşdırma, həm də mükəmməl praktik köməkdi. 
“Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili” monoqrafiyası Türkiyə türkcəsindən “tərcümələrlə” məşğul olanlara həm həqiqəti anlatmaq, həm də onlara praktiki yardım göstərmək baxımından son dərəcə faydalıdı. Fikrimizcə, həmin araşdırmayla tanış olmadan, daha doğrusu, oradakı həqiqətləri əxz eləmədən Türkiyə türkcəsindən tərcümə eləmək ciddi səmərə verə bilməz. Çünki son onilliklərdə dilimizin Anadolu türkcəsindən alınmış terminlər hesabına “zənginləşdirmə” cəhdləri də daha bir problem ortaya çıxarır. Qəzet-jurnallarda, saytlarda, sosial şəbəkələrdə, hətta elmi və bədii əsərlərdə belə həmin terminlərin yerli-yersiz, az qala, savadlı görünmək xətrinə işlədilməsi böyük təssüf doğurur.  Professor Ə.Rəsulovun sözügedən tədqiqatındakı “...azəricəyə təbii yolla və zəruri olduqca alınan uğurlu söz və terminlər dilimizin lüğət tərkibini xeyli zənginləşdirir, lakin bu məsələdə süniliyə yol vermək olmaz” fikri, əslində, ciddi xəbərdarlıq kimi səslənir. 
Tədqiqatın başlıca obyekti olan qohum dillərdən tərcümə nəzəriyyəsiylə bağlı müəllifin indi ədəbi təsərrüfatımızda mövcud olan vəziyyəti ifadə eləyən digər fikri də dəqiqdi: “...Türkcədən azəricəyə tərcümədə “oxucu nəzarəti xofu”, görünür, bəzən o qədər güclü olur ki, mütərcimlər “eyni dil” (aldadıcı oxşarlıq) stereotip düşüncə səbəbiylə əməklərinin istehza ilə qarşılanacağı ehtimalına görə, yaxud da öz səhvlərini əvvəlcədən sığortalamaq naminə, türkcədən etdikləri tərcümələrin altına “azəricələşdirən”, “Azərbaycan dilinə uyğunlaşdıran”, “dilimizə nəql edən”, “azəricəyə işləyən”, “dilimizə uyğulayan” və s. yazırlar...” Həqiqətən, adı nə olursa-olsun, ortaya çıxan məhsul tərcümədi və söhbət yalnız onun səviyyəsindən gedə bilər. Görkəmli dilçi-ədəbiyyatşünas, yazıçı Kamal Abdullanın “...ən çətin tərcümə, əslində, yaxın dillərdən tərcümədi” fikri güman edirik ki, bu sənətə ciddi münasibət bəsləyən hər kəs üçün həqiqətdi...

5.Nəzəriyyə və təcrübənin vəhdəti

Professor Əsgər Rəsulov “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili” monoqrafiyasında elmi fəaliyyətinin tükologiya və tərcüməşünaslıq sahələrini uğurla birləşdirir, türkcədən tərcümənin üslub problemlərinə də toxunur. O, haqlı olaraq qeyd edir ki, tərcüməçi müraciət elədiyi müəllifin və əsərin üslubunu yaxşı qavramasa, daha doğrusu, “tutmasa”, yaxşı tərcümənin ortaya çıxacağından danışmaq olmaz. Yəni, “...mütərcimin rolu orijinal mətni, onun mündəricə və mahiyyətini qavramaq, başqa sözlə, müəllifi mətndə “kəşf etməkdir”. 
Üstəlik, onun fikrincə, müəllifin fərdi yaradıcılıq texnikasını, əsərin ruhunu duymadan tərcümə eləmək mexaniki çevirmədən başqa bir şey deyil, hədər çəkilən zəhmətdi və tərcümə sənətinə, bütövlükdə mədəniyyətimizə başdansovdu, hörmətsiz münasibətin təzahürüdü.
Ə.Rəsulov Anadolu türkcəsindən dilimizə çevirdiyim 10-dan artıq kitabın məsləhətçisi və redaktoru redaktoru olub, o sanballı əsərlərin araya-ərsəyə gəlməsində təmənnasız köməyini əsirgəməyib. Birgə işimiz zamanı onun tərcümə məsələlərində yetərincə yüksək səviyyəli peşəkar və həssas söz sərrafı olduğuna bir daha əminlik hasil etmişəm. O, tərcümədə sözlərin təkcə hərfi mənasını yox, tarixi köklərini, işlənmə arealını, mətnin kontekstindəki yerini nəzərə almağı vacib sayır. 
Professor Əsgər Rəsulov elmi-ədəbi mühitdə də fəal iştirak eləyir, təkcə Azərbaycanda və başlıca tədqiqat hədəfi olan Türkiyədə deyil, bütün dünyada baş verən ədəbi-bədii yeniliklərdən həmişə xəbər tutur, üstəlik, stereotiplərlə düşünmür, insanlara, hadisələrə, faktlara öz münasibətini aydın ifadə eləməyi bacarır. Onun  ədəbi-tənqidi və publisistik məqalələri çoxşaxəli yaradıcılığının mühüm bir qoludu, görkəmli türkoloq Tofiq Məlikli, tarixçi-arxivşünas Ataxan Paşayev, nazimşünas alim Aqşin Babayev, ədəbiyyatşünas Sabir Bəşirov, nasir Əlabbas, bu sətirlərin müəllifi… barədə qələmə aldığı portret yazılar, əsərlərinə yazdığı sanballı resenziyalar insanlara və yaradıcılığa sevgisindən, eyni zamanda, ədəbi-bədii həssaslığından irəli gəlir. 
Əsgər Rəsulov, eyni zamanda, türk ədəbiyyatının bilicisi kimi, Türkiyə ədəbi fenomenlərinin mükəmməl portretini yaradıb və əsərlərini ədəbi-tarixi-kulturoloji baxımdan təhlil eləyib. Elə son illərdə onun 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından Nəcib Fazil Qısakürəyin “Seçilmiş əsərləri”nə yazdığı əhatəli ön söz, çağdaş romançılar İsgəndər Palanın “Şah və Sultan”, Əlif Şəfəqin “Eşq” romanları barədə qələmə aldığı sanballı məqalələr mükəmməl araşdırma təsiri bağışlayır...

6.Poetik duyğuların “Dilmanc”ı

Əsgər Rəsulov şəxsiyyətinin pedaqoq, türkoloq, tərcüməşünas, ədəbiyyatşünas, nəhayət, məmur tərəflərini tamamlayan bir cəhət də poeziyadı. O, poeziyayla gənclik illərindən bağlıdı, Əsgər Rəsul imzasıyla qələmə aldığı şeirləri mətbuat səhifələrində  müntəzəm və tez-tez görünməsə də, üzə çıxardıqlarında və 2006-cı ildə nəşr etdirdiyi “Dilmanc” adlı yeganə poetik toplusunda poetik yaradıcılığının konturlarını oxucuya çatdırıb. Əslində, poeziya Əsgər Rəsuldan ötrü, özünün təbirincə desək, hiss, duyğu və düşüncələrinin oxucuya tərcümanıdı: “İnsanın həyatı keçmiş, həyat və ölüm haqqında düşüncələri indiki, ölümü gələcək zamana aiddir. Başqa sözlə, Gələcək içində gizlənən Ölümü düşünmək Bugünün gerçəkliyidir. Həm də Gerçəkliyin mütləq və əbədi qanunu Dünəni sadəcə anmağa, Sabahı yalnız düşünməyə, İndini isə yaşamağa məhkumuq...” O öz poetik formulunu belə ifadə eləyib.
Professor B.Əhmədli isə Əsgər Rəsulun poeziyasını bu cür qiymətləndirir:  “...”Dilmanc” şeirlər kitabında toplanan poetik mətnlər şairlə həyat arasında qarşılıqlı duyumun tərcümanı olaraq ortaya çıxır. Şeirlərin altında tarix olmasa da, onların hər hansı birinin həyat hadisəsindən doğan duyğu və düşüncənin sonucu olaraq ortaya çıxdığı məlumdur. Bu şeirlərdə şairin həyat fəlsəfəsi, hadisələrə baxışı, adilikdə sadəlik axtarışları, sadəliklə mürəkkəbliyin sintezi qabarıq əks olunur”.
Əsgər Rəsul oxucuyla poetik söhbətində səs-küyə, pafosa, mücərrəd, yaxud fəlsəfi formullara yox, səmimi və məhrəm duyğulara üstünlük verir. Ona görə də “topluya ön söz əvəzi olan şeirində yazır:

Kitabı açarkən, ehtiyatlı aç,
İçində şeir var, qırıla bilər.
Oxumaq istəsən, tənhalığı seç,
Duyğular səs-küydən yorula bilər.

Onun “Reklamarası” və “Dilmanc” poemaları da yer alıb. Birinci poema günümüzün acı reallıqları haqqında rekviyemdi: bütöv bir insan ömrü reklamlar arasında keçib gedir! Bundan dəhşətli nə ola bilər? Bu reklam arasında millətin dərdi də var. “Dilmanc” poeması isə Türkiyə tarixinə həsr olunub. Uzun müddət qardaş ölkədə işləyən müəllif türk toplumunun ortaq ağrılarını qələmə almaqla narahatlıqlarını oxuculara bölüşmək istəyir. Son illərdə qələmə aldığı “Öldürməyin hikməti” beşpərdəli psixo-fəlsəfi dramında isə müxtəlif həyati situasiyaları poetik duyumunun süzgəcindən keçirib belə bir nəticə çıxarır:

Ölüb-öldürmənin üç hikməti var: 
Biri Vətən, biri namus yarası. 
Bir dənə zamanki ürəklə ağlın, 
Pozulur insanda harmoniyası...

Elə ürəklə ağlın harmoniyasını da Əsgər Rəsulun tapındığı başlıca insani və yaradıcılıq keyfiyyəti hesab eləmək olar…

7. Qibtəyə layiq ömür

Professor Əsgər Rəsulov şəxsi həyatında, münasibətlərində və yaradıcılığında həddən artıq ciddi, təvazökardı, heç zaman özünü tanıtmağa cəhd eləməyib, yersiz və ifrat təriflərin əsirinə çevrilməyib, elmi-ədəbi və virtual aləmdə gözə girmək fikrinə düşməyib. Bütün bunlar da qibtəyə layiq xarakter çizgilər idi…
Mərhum ədəbiyyatşünas-alim Sabir Bəşirov haqlı olaraq yazır: “Biz “ziyalı” sözünü tez-tez işlədirik. Ziyalılıq özündə mənəviyyat anlayışına daxil olan ən gözəl keyfiyyətləri birləşdirir. Əsgər Rəsulov şəxsiyyətində və yaradıcılığında əxlaq prinsiplərini qoruyub saxlayan nadir ziyalılarımızdandır. Onunla hər bir ünsiyyət insanın qəlbindəki işığı daha da artırır, müsbət emosiyalara kökləyir. Həssaslıq, səmimilik, diqqətcillik, təkcə qələm dostlarının yox, hər bir istedadlı insanın qələmindən çıxan uğurlu əsərlərə qəlbən sevinmək, təvazökarlıq... kimi keyfiyyətlər Əsgər Rəsulovun ciddi, özünə qarşı çox tələbkar elmi və bədii yaradıcılığını tamamlayır”.
Görkəmli alim mənalı və məhsuldar ömrünü qəlbinin və ağlının hər adama nəsib olmayan harmoniyasıyla yaşayıb…
Məncə, bundan böyük xoşbəxtlik yoxdu…
2019, mart – 2023, mart