Sayları azalır: Sərçələrin siyahıyaalınmasına başlanır

Pakistanın Karaiçi şəhərində sürətlə azalan sərçələrin sayına görə siyahıyaalma aparılacağı bildirilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, siyahıyaalmanın bir hissəsi olaraq, Pakistandakı rəsmiləri təxminən 20 milyon insanın yaşadığı metropolda sərçələrin olduğu xüsusi yerlərə diqqət yetirəcəklər.

Sind əyalətinin vəhşi təbiət xidmətinə cavabdeh olan Caved Mahar siyahıyaalmanın nəticələrinin martın 20-də açıqlanacağını bildirib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Pakistan şöbəsinin texniki müşaviri Məhəmməd Moazzam Xan bildirib ki, son 20 ildə Kəraçidə sərçələrin sayı 60-70 faiz azalıb.

Bir yerdə çoxlu sərçənin olmasının oradakı havanın keyfiyyətinin yaxşı olduğunu göstərdiyini ifadə edən Xan, "Sərçələr bir yeri tərk edirsə, bu, oradakı havanın keyfiyyətinin həyəcan verici dərəcədə olduğu anlamına gəlir" deyib.

Planlaşdırılmamış urbanizasiya və ətraf mühitin çirklənməsi sərçələrin yaşayış yerlərinin kiçilməsinə və bu quş növünün azalmasına səbəb olur.