“Biri yazdı ki, atamı, anamı itirmişəm, evimiz boşdur. Gəlsin mənimlə yaşasın, mənim atam olsun!”
Professor Fazil Qaraoğlu ilə bağlı ictimaiyyətin səfərbərliyi insanlarımızın xeyirxahlığının, dara düşənə həssaslıqla yanaşmaq, yardım əli uzatmaq kimi yüksək keyfiyyətlərə malik olduğunun göstəricisidir.
Əlbəttə ki, dəyərli alimin mövcud durumunun geniş şəkildə ictimiayyətə çatdırılması və yardım kampaniyasının başladılması “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu vasitəsiylə mümkün oldu.
Hadisələrin gedişatı barədə Şahbaz bəy sosial media üzərindən paylaşımlar edib. Professorun adına açılmış bank hesabına 30 min manat pul toplandığını bildirib. Bu məbləğ necə istifadə olunacaq, professora mənzil alınacaqmı və başqa bəzi suallarla "Sherg.az" Şahbaz bəyə müraciət edib:
- Şahbaz bəy, sizin Fazil müəllimlə görüşdüyünüzü bilirik, özünüz bu haqda sosial mediada paylaşım etmisiniz. Amma alimin durumu barədə hardan, kimdən məlumat almışdınız?
- Mediada oxudum məlumatı. Sonra qonşusunun telefonunu tapdım – Tahir müəllimin. Onunla söhbət edəndə, dedi ki, Fazil müəllim qapalı adamdır, ünsiyyəti sevmir… Amma müəyyən edə bilmədim, Fazil müəllim mənim illər əvvəl tanıdığım həmin Fazil Qaraoğludur, yoxsa başqası. Çünki təxminən 10 il əvvəl görüşmüşdük onunla, özünün telefonunu tapa bilmədim. Bazar günü zəng etdim Tahir müəllimə, Fazil müəllimin görüşünə gələcəyimi dedim, tərcümə etdiyi kitabları da özümlə götürdüm. Getdim, gördüm əyləşib qapının ağzında…
Kimdir professor Fazil Qara oğlu İsmayılov, bu haqda mütləq məlumat verməliyəm. Fazil Qaraoğlu 14 il Ankarada Gazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. "Ermənilər və Həqiqətlər - sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cildlik kitab yazıb və nəşr elətdirib. Bununla da başına bəla açıb. Ermənilər ölümlə hədələməyə başlayıblar. Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdıb. Müqəddəs Qurani-Kərimi ilk dəfə hər iki dilə - həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcimdir. Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. Böyük Millət Məclisinin bu barədə təşəkkür məktubu var. Tərcümə etdiyi Quran kitabından 500 ədəd Heydər Əliyev Fonduna bağışladığı üçün Fondun icraçı direktoru Anar Ələkbərovun xüsusi təşəkkür məktubu var. Fazil Qaraoğlu ensiklopedik biliyə sahib millətçi bir alimdir. Və bu şəxs 17 ildir kirayələrdə yaşayır.
-Fazil müəllimlə təxminən 10 il tanış olduğunuzu dediniz…
- Bəli, təqribən 10 il əvvəl Fazil Qaraoğlu yanıma gəlmişdi, Quran kitabının tərcüməsini verdi ki, bundan sonra nəşr hüququ səndədir artıq. Mən də 2 il qabaq nəşr edə bildim. Amma Tahir müəllimlə danışanda, dəqiqləşdirə bilmədim, bu şəxs mənim tanıdığım Fazil Qaraoğludur, yaxud başqası. Deylən ünvana gedəndə, gördüm, bəli, özüdür ki var. Halını bu vəziyyətdə gördüm, mənən çox pis təsir elədi. Yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyindən mənzildən çıxarıblar. Söhbət elədik, istədim özümlə aparım, oteldə yer təklif etdim, razılaşmadı - "əl yazmalarımı, illərcə topladığım sənədləri burda qoyub gedə bilmərəm", dedi. Mən onu görəndə artıq 4 gecə küçədə gecələmişdi. Yasamal rayon İcra hakimiyyətinin qonşuluğunda. İcra nümayəndəsi gəlib deyib ki, yer tap, köç, kirayənin yarı haqqını biz ödəyərik... Oradan qayıdım, bu haqda yazdım, sosial mediada paylaşdım. Və inanılmaz hadisələr baş verdi. İnsanlarımızın necə müsbət reaksiya verdiyini görəndə, görəndə ki insanlar necə köməyə can atırlar, millətimlə bir daha qürur duydum.
- Xəbər vermisiniz ki artıq Fazil müəlimin hesabına 30 min manat toplanıb.
-Təsəvvür etməzsiniz, həmin gecə mən yata bilmədim. Yardımların ardı-arası kəsilmirdi. Pul göndərirdilər, biri evini, biri bağını təklif edirdi. Həyəcandan ağlayırdım… Biri yazdı ki, atamı, anam itirmişəm, evimiz boşdur. Gəlsin mənimlə yaşasın, mənim atam olsun! İnsanalrımızın bu dərəcədə canıyanan, yardıma tələsən gördüm, bu, məni çox duyğulandırdı… Açdığımız bank hesabına səhərə qədər durmadan pul köçürülürdü. Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi professorla görüşdü. Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən “Nərgiz” Fondunun nümayəndəsi zəng etdi. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı. Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylı ödəməyi öz üzərinə götürüb. Nəhayət, professor isti və rahat mənzillə təmin edildi. Dediyim kimi hesaba artıq 30 min manat pul toplanıb.
- Şahbaz bəy, toplanmış vəsait necə istifadə ediləcək, bu haqda fikriniz varmı?
- Məsələ belədir. Fazil müəllimin şəxsiyyət vəsiqəsi yoxdur. Axtardı, tapa bilmədi. Bu gün Tahir müəllimlə ASAN Xidmətə getməliydilər, şəxsiyyət vəsiqəsi üçün. Şəxsiyyət vəsiqəsi həll edildikdən sonra toplanmış vəsait onun adına bank hesabına köçürüləcək. Yardım kampaniyası davam edir və əgər məbləğ mənzil alınmasına kifayət edərsə, ev alarıq. Yox, əgər kifayət etməsə, yenə də onun adına bank hesabında qalacaq, qoy istədfiyi kimi istifadə etsin, arxivlərdə işləsin, könlü istədiyi yerə getsin, istədiyini alsın yesin, rahat yaşasın, kimsəyə möhtac qalmasın.
-Fazil müəllimin ailəsi, övladları varmı? Bu haqda heç bir məlumat verilmir. Belə fikirlər də var ki uzun illər Türkiyədə çalışmış professor niyə özünə mənzil ala bilməyib.
- O, Türkiyədən qayıdanda 75 min dollar pulu olub. Amma burda müxətlif şəxslər, instansiyalar söz veriblər ki mənzillə təmin ediləcək. Hətta, bildiyim qədər Jurnalistlər Binasından da ona mənzil vədi verilib. Amma bunların heç biri gerçəkləşməyib. O da qazandığı pulu kirayələrə xərcləyib. Məncə, onun ailəsinin, övladının olub-olmaması, məsələnin mahiyyətini dəyişmir. O, özü haqqında çox danışan, gileylənən insan deyil. Mənimlə də sıxıla-sıxıla danışırdı, deyirdi, istəmir onu belə tanısınlar, hansı vəziyyətdə olduğunu hamı bilsin. Bunu öz ləyaqətinə sığışdırmır. Mən ona dedim ki, istəmirsiniz insanlar vəziyətinizi bilsin, amma siz küçədə qalsanız, bu gecə öləcəksiniz. Artıq 4 gün idi ki küçədə qalırdı. Sağ olsun qonşular, ona sahib çıxmışdılar, yemək gətirirdilər, çay verirdilər. Nazik geyimdə idi, küçədə qalmaq kiməsə asan gəlməsin. İnsanı bu həddə çatdırmaq olmaz və sorğulamaq da olmaz, “niyə belə oldu”, deyə. İnsan belə bir vəziyyətə düşüb və biz ona kömək etməliyik.