Bəzi açıqlamalar, ucuz populizm meyilləri problemdən xal qazanmaq cəhdindən başqa bir şey deyil
“Taksilərin 30-40 min civarında olması gözlənilir. Bunlar gələcəkdə həlli gözlənilən məsələlərdir. İndi isə tələb qoyulubsa, icra etmək gərəkdir”
Taksi sürücüləri sabah-birisi gün evlərinə çörəkpulu aparıb-apara bilməyəcəklərindən narahatdır. Narahatlığı yaradan iyulun 1-dən tətbiq ediləcək yeni qaydalardır. Taksi xidmətində istifadəsinə icazə veriləcək avtomobillərə rəng, istehsal tarixi şərtləri ağır səslənir. Şəhərdəki tıxacların aradan qalxmasını, havanın təmiz olmasını, rahat avtomobillərdə hərəkət edib, nağdsız ödəmələr etməyi istəyirik. Amma səhər tezdən evdən çıxıb axşam ailələrinə 5-3 manat çörəkpulu aparmaqdan ötrü Bakı küləyinin qabağında duruş gətirə-gətirə, boğazına güc verib sərnişin səslədiklərini də bilirik. Bəs onların taleyi necə olacaq? Bu məsələ günlərdir müzakirə olunur, AYNA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmiləri açıqlamalar verir, amma dolanışıq dərdindən bölgələrdən paytaxta axışan onlar deyil. Sınıq-salxaq avtomobillərlə “taksovatlıq” edənlərdi.
“Taksilərlə bağlı verilən qərar indiki məqamda yerinə düşmür. Azərbaycanda işsizlik var. Xüsusilə də regionlarda işsizlərin sayı daha çoxdur. İstər Bakı, istərsə də rayonlarda bir qisim insan məhz taksi fəaliyyəti sayəsində bir tikə çörəkpulu qazanır”. Bu sözləri Globalinfo.az-a AĞ Partiya başqanı Tural Abbaslı 1 iyul 2024-cü il tarixindən taksi xidməti göstərən avtomobillərlə bağlı verilən qərarı şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün orta hesabla 150-200 minə yaxın insan taksi xidməti sayəsində ailəsini dolandırır. Birdən-birə, heç bir əsas, səbəb olmadan taksi fəaliyyətini kökündən baltalamaq yanlışdır: “Bəzi məmurlar, deputatlar çıxıb deyirlər ki, “70 min çoxdur, Bakıya cəmi 20 min taksi lazımdır”. Bu, nə dərəcədə sağlam, peşəkar yanaşmadır? 50 min insanın taleyini bir imza ilə alt-üst etmək yanlışdır. Mən bunu əleyhinəyəm”.
Qeyd edək ki, yeni qaydalar müxtəlif cür şərh edilir. Bəzən sürücülər qaydalar barədə doğru məlumatlara sahib olmurlar. Narahatlıq, narazılıq da buradan qaynaqlanır.
Nəqliyyat problemləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında taksi sürücülərini rahatladacaq məlumatları açıqladı:
- Əvvəla onu deyim ki, bəzi açıqlamalar, ucuz populizm meyilləri problemdən xal qazanmaq cəhdindən başqa bir şey deyil. “150-200 min” ümumən gülünc rəqəmdir və həmin şəxsin məsələdən nə qədər uzaq olmasını göstərir. Paytaxtda hazırda 60 min taksi fəaliyyətdədir. Bu sayın 20 minə qədər azaldılacağı da real deyil. Çünki əvvəlcə ictimai nəqliyyatdakı problemlər aradan qalxmalı, sərnişindaşımada xəttə buraxılacaq avtobuslar ictimai tələbatı ödəyəcək səviyyədə olmalıdır. Bundan sonra taksilərin sayı kəskin azala bilər. Ən azından taksilərin 30-40 min civarında olması gözlənilir. Bunlar gələcəkdə həlli gözlənilən məsələlərdir. İndi isə tələb qoyulubsa, icra etmək gərəkdir. Paralel olaraq fərqli hərəkət növlərinə şərait yaradılmalıdır yaxın 3 ay ərzində. Taksi səfərləri bir sıra hallarda çox qısa məsafələri əhatə edir, hansına ki piyada, velosiped, avtobusla getmək olar. Gedə bilmirlərsə və ya mənzil başına gec çatılırsa, səbəblər təftiş edilib təxirəsalınmadan aradan qaldırılmalıdır.
R.Ağamirzəyev taksi xidmətiylə bağlı yeni tələbləri izah etdi:
- Narahatlıq doğuran məsələlərdən biri taksilərdə taksometrlərin quraşdırılması tələbidir. Sürücülər bilməlidir ki, taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqqı proqram təminatı ilə hesablanır. Taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur. Taksometr tələbi fərdi taksi fəaliyyəti ilə məşğul olanlara aiddir. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan şəxslər həm buraxılış vəsiqəsi, həm də buraxılış kartı almalıdır. İcazənin alınması yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ elektron ünvanına (bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin elektron xidmətlər portalıdır) müraciət edilməklə həyata keçirilir. İstifadəçilər portalın “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət” bölməsini seçərək müvafiq sənədləri elektron qaydada sistemə daxil edə bilərlər. Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb. Gələk, avtomobillərin istehsal tarixi tələbinə. 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. Nümunə: avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir. Avtomobilinizin yaşı 15 ildən azdırsa, 1 iyul 2024-cü il tarixinədək elektron qaydada müraciət edərək icazə ala bilərsiniz. Bu avtomobillər 15 yaşı olanadək taksi kimi fəaliyyət göstərə bilər. Bu zaman rəng və "Avro-5" tələbi tətbiq edilmir. Nümunə: 12 il istehsal müddəti olan avtomobiliniz varsa, 1 iyul 2024-cü il tarixinədək icazə alacağınız təqdirdə növbəti 3 il taksi fəaliyyəti göstərə biləcəksiniz. Damında “Taksi” sözü yazılmış sarı rəngli fənər və qapıların üzərində şahmat qaydasında dördbucaqlıların bütün taksilərdə olması məcburi tələb deyil! Amma bu fəqləndirici nişanlar tətbiq edilirsə, o zaman taksilərin xarici tərtibatına dair qaydalara uyğun olmalıdır. Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyətinə icazə verilməyəcək. Belə izah edim: 10 yaşı olan avtomobillərə 5 il, 9 yaşa 6 il, 8 yaşa 7 illik icazə veriləcək.
R.Ağamirzəyev qeyd etdi ki, taksi avtomobillərinə istehsal tarixi məhdudiyyəti avtomobil parkının yenilənməsi, atmosfer kirliliyinin aradan qaldırılması və qəza statistikasının azaldılması məqsədi daşıyır:
- Taksi xidməti ilə bağlı narazı kütləmiz var. Avtomobil parkları köhnə maşınlarla doludur. Qəza statistikası da çoxalıb. Qəzaların statistikasına baxıldıqda köhnə avtomobillərlə törədilən qəzalar daha çoxdur. Çünki avtomobil köhnəldikcə texniki imkanları da məhdudlaşır, manevr qabiliyyəti zəifləyir. Buna görə də taksi xidmətində avtomobillərə yaş və keyfiyyət parametrləri tətbiq olunur. Hazırda avtobus və yük maşını sürücülərinə ehtiyac var. Taksi sürücüləri müraciət edib, müvafiq təlimlərə qatılaraq bu kateqoryalar üzrə işləyə bilərlər.