Xəzər dənizindən içməli su alınacaq

Eyyub Hüseynov: “Bu təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən İsrail və ərəb dövlətlərində mövcuddur”

Ağa Salamov: “İçməli sudan texniki məqsədlər üçün istifadə qadağan edilməlidir. Buna yol verənlər, göz yumanlar ciddi şəkildə cəzalandırılmalıdır”

  Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edən cənab Prezident İlham Əliyev su mənbələri və su ehtiyatlarından səmərəli istifadənin vacibliyini bir daha vurğuladı. Və hazırda üzərində iş aparılan daha bir layihə barədə məlumat verdi. Bu, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir. Prezident qeyd edib ki, bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq Sərəncamları mövcuddur və sərəncamın icrası davam edir. Bu sərəncamlar ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb. Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməlidir.
  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, dəniz suyunun duzsuzlaşdırılması təcrübəsi dünyanın bir sıra ölkələrində, o cümlədən İsrail və ərəb dövlətlərində mövcuddur:
 "İsrail, ərəb ölkələri bu texnologiyadan geniş istifadə edir. Hətta İsraildə, həmçinin Yeni Zelandiyada işlənmiş sudan təkrar istifadə, hətta yağış sularından da məişətdə geniş istifadə edilir. Hazırda ən yeni, nano-texnologiyalar var, onlardan istifadə etməklə dəniz suyunu duzsuzlaşdırmaq mümkündür. Bu, buxarlanma üsuluyla, duzun, digər mineralların suyun tərkibindən ayrılması yoluyla da mümkündür. Yaxın 10 ildə su qıtlığı ilə üzləşəcəyimiz labüddür. Azərbaycan içməli su ehtiyatlarının az olduğu ölkədir. Ona görə də suyun qədrini bilməliyik. Dövlət başçısının imzaladığı sərəncam öz yerində, lakin müvafiq qurumlar da üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Avtoyuma məntəqələrində içməli sudan istifadənin qarşısı birmənalı və qəti şəkildə alınmalıdır. İçməli su ilə avtomobil yumaq nadanlıqdır"
  Qida mütəxəssisi Ağa Salamov “Sherg.az"a açıqlamasında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin içməli su probleminin qarşısının alınmasına yönəldiyini bildirdi:

" Duzsuzlaşdirma duzlu sudan mineral komponentləri xaric edən bir prosesdir. Kənd təsərrüfatına maneə törədən şoran torpaqların duzsuzlaşdırılmasi kimi burada da hədəf maddədən duzların və mineralların çıxarılmasıdır. Duzsuzlaşdırılmış su həm insanların istehlakı, həm də suvarma üçün yararlı sayılır. Enerji sərfiyyatına görə dəniz suyunun duzsuzlaşdırılması, ümumiyyətlə, səth sularından və ya yeraltı sulardan alınan şirin sudan, suyun təkrar emalı və suyun qorunmasından daha baha başa gəlir. Lakin bu alternativlər həmişə mövcud olmur və ehtiyatların tükənməsinin bütün dünyada kritik problem olduğunu da nəzərə alsaq, ölkə başçısının bu addımını ancaq dəstəkləmək və alqışlamaq lazımdır. Hesab edirəm ki, ölkə başçısı hər dəfə olduğu kimi, bu dəfə də müdrik düşünərək həm kənd təsərrüfatının geniş inkişafına, həm də içməli su ilə ölkəni təmin etmək üçün gözəl bir addım atıb. Biz su ehtiyatlarımızı qorumalıyıq, israfçılığa yol verməməliyik. Su ehtiyatlarımızın bizə verdiyi imkanlardan səmərəli şəkildə istifadə edilməlidir. İçməli sudan texniki məqsədlər üçün istifadə qadağan edilməlidir. Buna yol verənlər, göz yumanlar da ciddi şəkildə cəzalandırılmalıdır. Belə olarsa, su itkisinə yol verilməz, içməli su probleminin qarşısı alınar.