Bağçılıqla məşğul olmaq yuxu keyfiyyətini yaxşılaşdırır

Alimlər torpaqla “əlləşən”, bağda-bağçada əkin-biçinlə məşğul olan insanların digərlərinə nisbətən daha rahat bir gecə keçirdiyini, daha keyfiyyətli yuxuya sahib olduqlarını üzə çıxarıb. Bağ-bağçada çalışan insanlarda yuxusuzluq probleminə digərləri ilə müqayisədə 42 faiz daha az rast gəlinir. “Journal of Affective Disorders”də yayımlanan yeni bir tədqiqata görə, bağça işləriylə məşğul olan şəxslər yuxusuzluqdan daha az şikayət edir. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, yuxunun sağlamlığın təminində əhəmiyyətli rolu danılmazdır. Son zamanlarda isə insanların böyük əksəriyyəti yuxusuzluqdan əziyyət çəkir. Hətta daim idmanla məşğul olanlar, yatmazdan əvvəl təmiz havada gəzişənlər də yuxusuzluq probleminin tam həll edilmədiyini bildirir. Yuxusuzluğa ürək-damar xəstəliklərinin, nevrozların səbəb olduğu, bunun da sağlamlığa mənfi  təsirləri məlumdur. Yuxusuzluq problemini araşdıran tədqiqatçılar bu dəfə fərqli seçim edərək bağbanlığın təsirlərini öyrənməyə çalışıblar.  Fudan Universitetinin dekanı və tanınmış professor olan Xiang Gao, “amerikalılar üçün fiziki aktivlik göstəricisinə görə bağbanlıq işləri əzələləri gücləndirir və çox təsirli fiziki aktivlikdir, bu da yaşlı insanlar üçün çox uyğun və tövsiyə edilən bir durumdur. Bağçada çalışmaq, gül-çiçək əkmək, ağaclara qulluq etmək həm fiziki, həm də psixoloji sağlamlığı təmin edir. Faydaları böyükdür. Ancaq bağça işləri ilə yuxu arasında nə əlaqə var, bunu ortaya çıxarmayıblar. Yeni tədqiqat məhz bu əlaqəni ortaya çıxarmağa yönəlib”, söyləyib. Professor bildirib ki, tədqiqata ABŞ-də yaşayan 62.098 yetkin insan cəlb edilib. Və onlara sağlamlıq durumları, həyat tərzləri ilə bağlı suallar ünvanlanıb. İdmanla məşğul olmayanlar, bağbanlıq edənlər arasında müqayisə aparılıb. Məlum olub ki, bağbanlıq edənlər yuxusuzluqdan daha az şikayət edir, nəinki digərləri. Həftə ərzində bağbanlıqla daha çox məşğul olduqca yuxu keyfiyyəti daha da artıb. Buna əsasən də tədqiqatçılar bağbanlığın, bağ-bağçada çalışanların daha sağlam orqanizmə,  daha rahat yuxuya sahib olduqlarını müəyyənləşdirib.