Sahibsiz itlərin məskəni zibilliklərdir -ŞƏRH

Yerli icra hakimiyyətləri, bələdiyyələr, kommunal təsərrüfatı birlikləri bu işə əncam çəkməlidir

Sahibsiz itlərdən əziyyət çəkənlər “Toplan” Qayğı Mərkəzinə çəkinmədən müraciət edə bilər    
 
 Küçə itləri ilə bağlı problem həllini tapmır. Sahibsiz itlərin təkcə azyaşlılara deyil, ümumiyyətlə, vətəndaşlara hücum etməsi, quduzluğa yoluxanların həyatlarını itirməsi haqda xəbərlər, təəssüf ki, azalmır, çoxalır. Əsas problem isə sahibsiz itlər deyil, onlarla mübarizə aparılması həvalə edilən rəsmi qurumlardır. Qəribədir ki, heç bir qurum sahibsiz itlərlə mübarizəni öhdəsinə götürmür. Bu işlə hansı qurumun, hansı orqanın məşğul olduğu da məlum deyil. Halbuki Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin fəaliyyət istiqamətlərinə sahibsiz itlərlə mübarizə də daxildir. Bunu biz demirik. Departamentin rəsmi səhifəsində bu qeyd edilib: Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılmışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti - əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Departamentin strukturu: Departamentin idarə aparatı, rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir" İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və digər xidmət sahələri.
 Göründüyü kimi, MKTD-nin strukturuna həm də Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi daxildir. Adından görünür, idarə hansı fəaliyyətlə məşğul olmalıdır. Amma nə sirdirsə, idarə ilə əlaqə yaratmaq mümkünsüzdür. Əlaqə nömrələri qeyd edilsə də, zənglərə kimsə cavan vermir.  

 Sahibsiz itlərlə mübarizə məsələsində axtarışlarımız nəhayət “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzində axır ki, yekunlaşdı. Mərkəzdən “Sherg.az”a bildirildi ki, vətəndaşlar mərkəzə müraciət edə bilər:
- “Toplan” Qayğı Mərkəzinin 19.21 Qaynar xətt telefonu var. Digər əlaqə nömrəmiz  012.565.47.41-dir. Vətəndaşlar zəng edib hansı ərazidə sahibsiz itlərin olduğunu bildirir, mərkəzin əməkdaşları həmin əraziyə ezam olunur və sahibsiz heyvanları toplayırlar. Qayğı Mərkəzində itlərə quduzluğa qarşı peyvənd vurulur, lazım gəldikdə sterilizasiya aparılır, qısırlaşdırılır, belə itlərin qulağına xüsusi birkalar taxılır. İtə birka taxılıbsa, bu, onun təhlükəsiz olması deməkdir. Belə itlər təbiətə təkrar buraxılır.
Qayğı Mərkəzinin əməkdaşı qeyd etdi ki, vətəndaşlar çəkinmədən müraciət edə bilər.    

 Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Sherg.az”a açıqlamasında sahibsiz heyvanlarla mübarizədə bəlli metodların olduğunu dedi:
- Sahibsiz heyvanlarla mübarizədə dünya praktikası var. Heç kim istəməz ki, küçə itləri kiməsə xəsarət yetirsin, uşaqları parçalasın, uşaqlar, insanlar quduzluğa yoluxsun. Sahibsiz itlərlə, pişiklərlə mübarizə metodları var. Heyvanlar konkret bir qurum tərəfindən toplanmalı, onlara quduzluğa, digər infeksion xəstəliklərə qarşı peyvənd edilməli və axtalanmalıdır. Küçə itlərinin, pişiklərin qidalanması təmin edilməlidir. Heyvan ac olduqda aqressiv davranır. Sahibsiz itlərlə mübarizəni düzgün anlamırlar. Sahibsiz  heyvanları işgəncə ilə tutub öldürmək, məhv etmək olmaz. Onların yaxalanması da müəyyən üsulla həyata keçirilməlidir. Keyləşdirici maddəli iynə ucluqları var, onları uzaq məsafədən atırlar itlərə, qısa vaxtdan sonra itlər yuxuya gedir, bu zaman onları toplayırlar, xüsusi məntəqəyə aparıb, müayinə edirlər, peyvənd vurulur, lazım gəldikdə axtalanırlar. Sonra onları təbiətə buraxmaq olar. Çünki mən anlayıram, sahibsiz bütün itləri, pişikləri sığınacaqlarda saxlayıb bəsləmək çox çətindir. Amma sahibsiz itlər axtalansalar, getdikcə sayları azalacaq, artım olmayacaq, sahibsiz heyvan problemi də həllini tapacaq.

L.Əlizadə nəzarətsiz qalan sahələrin də problemə yol açdığını dedi:
- Paytaxtda, Bakıətrafı qəsəbələrdə nəzarətsiz ərazilər çoxdur. Zibilliklər də lap çoxdur.  Belə yerlər sahibsiz itlərin məskənidir. Yerli icra hakimiyyətləri, bələdiyyələr, kommunal təsərrüfatı birlikləri belə ərazilərin təmizlənməsini, çəpərə  alınmasını təmin etməlidir. Belə olarsa, uşaqlar nəzarətsiz ərazilərdə oynamaz, həyatlarına təhlükə yaranmaz.