Ətin qiymətində ucuzlaşma olmayacaq -AÇIQLAMA

Əksinə, qiymət, getdikcə daha da bahalaşacaq 

Hətta o həddə çatacaq ki, əhalinin böyük bir hissəsi ət ala bilməyəcək

  Dana və quzu ətinin qiymətinin enməməsi müzakirə predmetidir. Adətən yaz-yay aylarında ətin qiymətində enmə müşahidə edilirdi. Bu il isə fərqlidir. Heç bir qiymət dəyişikliyi yoxdur, əksinə, getdikcə artım baş verir. “Xəzər TV”-də bununla bağlı süjet yayımlanıb. Bildirilir ki, bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur. Satıcılar bildirir ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümi ucuzlaşma isə gözlənilmir. Onların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən heyvanları birbaşa satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər. Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar. İqtisadçı Elman Sadıqov bildirib ki, Azərbaycanın idxaldan asılılığı artır. Elə buna görə də, ətin qiymətinin mövsümi enməsi real görünmür. Ekspertlər hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər. Bu zaman qiymətlərdə enmə daha çox müşahidə edilə bilər.

  İqtisadçı-ekspert Xalid Kərimli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ətin qiymətində ucuzlaşma olacağını gözləməyə dəyməz. Ucuzlaşma olmayacaq, əksinə, qiymət, getdikcə daha da bahalaşacaq, hətta o həddə çatacaq ki, əhalinin böyük bir hissəsi ət ala bilməyəcək: 

- Bunun bir neçə əsaslı səbəbləri var. Xırdabuynuzlu heyvanların sayında əhəmiyyətli şəkildə azalma var. Əhalinin sayı artır, tələbat çoxalır, xırda və iribuynuzlu heyvanların sayı isə getdikcə azalır. Otlaq sahələri də azalır. Otlaq sahələri başqa məqsədlər üçün istifadə olunur. Bu da heyvandarlığın inkişafına mane olur. İnsanlar da heyvandarlıqla daha az məşğul olurlar. Çünki yem çox bahadır. Quru ot bağlaması da çox bahadır. Məsələ təkcə yaz, yay aylarında deyil. Heyvandarlıqla məşğul olan adam payıza, qışa, yazın ilk aylarına da yem tədarükü görməlidir. Amma ot bahadır, fermer, heyvandarlıq təsərrüfatı olan şəxs otlaq sahələrindən ot ehtiyatı əldə edə bilmir deyə, heyvan bəsləmək çətinləşir. Heyvandarlıq xərcləri çox artıb. Ot, yem, vaksinlər, hamısı çox bahadır. Bunlar böyük xərc tələb edir. Ona görə heyvandarlıqla məşğul olanların sayı da azalır. Digər səbəb diri heyvanların əsas idxalçısı olan Gürcüstan və Dağıstanın idxala məhdudiyyət qoymasıdır. Düzdür, bizdə əsas tədarük yerli istehsalın payına düşür. Amma nəzərə almaq lazımdır ki, idxalın əhəmiyyəti də böyükdür və idxal yerli bazarlarda heyvan ətinin bolluğuna səbəb olurdu. İndi idxal da azalıb, yerli istehsal da. Ona gorə də quzu və dana ətinin qiymətində bahalaşma var. Qarşıdakı illərdə qiymətin enəcəyini gözləməyə dəyməz. Getdikcə, ət daha da bahalaşacaq. O vaxta qədər ki, bazarda quzu və dana ətinə kəskin tələbat yaranacaq, fermerlər qiymətin yüksəldiyini görüb təkrar heyvandarlığa maraq göstərməyə başlayacaq.