Cavanşir körpüsünün sökülməsinə başlanıb, hərəkət istiqaməti dəyişdirilib - FOTO - VİDEO - YENİLƏNİB

Hazırda Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar Afiyəddin Cəlilov -Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi-mərkəz istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. Telegram Widget


***
Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsü sökülür.

APA xəbər verir ki, artıq söküntüyə başlanıb.

Bununla əlaqədar olaraq saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, istiqamət dəyişdirilib.

Həyata keçirilən kompleks işlər çərçivəsində nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq.

Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. Bu məqsədlə F.Bayramov küçəsində mövcud ikitərəfli hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli hərəkət təşkil ediləcək. F.Bayramov və S.Orucov küçələrinin kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq.

S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.

K.Səfərəliyeva küçəsinin Ələddin Quliyev küçəsindən Ü.Hacıbəyli küçəsinədək olan hissəsində, eləcə də Puşkin küçəsinin 28 May küçəsi ilə Ü.Hacıbəyli küçəsi arasındakı hissəsində Neftçilər prospekti istiqamətində hərəkət birtərəfli olacaq.

Bununla yanaşı, K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində (Cavanşir körpüsü tərəf) mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.

28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Sürücülərin Y.Səfərov küçəsində yerləşən geriyə dönmə yerindən istifadə etməsi tövsiyə olunur.