Övladını faciəyə itələyən valideyn: "Al, sür, kef elə”

Avtomobilin açarlarını şəstlə uşağına uzadan valideynlər baş verə biləcək hər cür fəlakətə, faciəyə də hazır olmalıdır

“Yeniyetmələrin iştirakı ilə baş verən avtoqəzaların sayının çoxaldığını görürük. Günahkar birbaşa valideyndir”

  Övladını ərköyün böyüdən, “uşağa “yox” demək olmaz” prinsipini əlində bayraq edib hər istəyini yerinə yetirmək üçün qan-tər tökən, bir gün də avtomobilin açarlarını şəstlə oğluna və ya qızına uzadıb “al, sür, kef elə”, deyən ata-ana baş verə biləcək hər cür fəlakətə, faciəyə də hazır olmalıdır. Kimsə övladı ilə imtahana çəkilməsin, arzulayırıq. Amma valideyn övladını faciəyə itələyirsə, o zaman müqəssir kimdir? Qəribə olan budur ki, bəzi valideynlər qüsurlarını, nöqsanlarını görmür, hətta qanunu pozduqlarını qəbul etməyərək özlərini “haqlı” hesab edirlər. Bakının Nizami rayonunda baş vermiş hadisə bu qəbildəndir. 8-ci kilometr qəsəbəsi yaxınlığında baş verib. Nizami RPİ-nin DYPŞ-nin əməkdaşları “8-ci kilometr” qəsəbəsi yaxınlığında, ön tərəfdə 3, arxa tərəfdə 4 azyaşlının əyləşdiyi avtomobili saxlayıb. Məlum olub ki, avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan 15 yaşlı yeniyetmədir. Sərnişinlərsə onun sinif yoldaşlarıdır. Yol polisi yeniyetmələri avtomobildən düşürüb, nəqliyyat vasitəsini müvəqqəti duracağa yerləşdirib. İnzibati xəta haqqında protokola əsasən, bundan sonra yeniyetmənin atası 1985-ci il təvəllüdlü S.Sultanov (şərti) əraziyə dəvət edilib. Valideynsə dava-dalaş salıb, özünü mötəbər şəxs kimi təqdim edərək DYP əməkdaşlarına qarşı xuliqanlıq edib. Əraziyə dəvət edilmiş digər polis əməkdaşlarının köməyi ilə o saxlanılıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs Nizami Rayon Məhkəməsinə gətirilib və məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.
  Oxşar hadisələr təəssüf ki, tez-tez baş verir. Valideynlər sürücülük vəsiqəsi olmayan, sürücülük vəsiqəsi alınmasına yaşı çatmayan övladlarına avtomobilin sükanını etibar edir. Faciələr də belə baş verir. Bir neçə il əvvəl Gəncədə baş vermiş faciə yəqin ki, yaddaşlardan silinməyib. Sükan arxasında əyləşən 11-ci sinif şagirdi qəza törətmişdi, nəticədə həm özü həlak olmuşdu, həm də başqa bir yeniyetmənin həyatına son qoymuşdu.
  Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Sherg.az"a açıqlamasında yeniyetmələrin iştirakı ilə baş verən avtomobil qəzalarının birbaşa valideynlərin günahı, səhlənkarlığı və məsuliyyətsizliyindən baş verdiyini bildirdi: 
" Xüsusən, məktəblərdə tədris bitmək üzrə olduğu ərəfələrdə belə hadisələr çox yaşanır. Sanki valideynlər övladlarına tədrisin bitməsi münasibətiylə “hədiyyə” edirlər. Bu, çox təhlükəlidir. Yeniyetmələrin iştirakı ilə baş verən avtoqəzaların sayının çoxaldığını görürük. Günahkar birbaşa valideyndir. Ata-ana övladını bilərəkdən necə təhlükəyə ata bilir, şəxsən mənim üçün müəmmadır. Təsəvvür edin ki, ata gəlir hadisə yerinə, günahı anlamaq, üzr istəmək, peşman olmaq əvəzinə, dava salır, polisə tabe olmur. Yəni bu insan qanunu pozduğunun fərqində deyil. Birincisi, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarə etməyi tapşırmaqla qanunu kobudcasına pozub, ikincisi, hüquq-mühafizə orqanlarına tabe olmamaqla, onlara qarşı kobud davranmaqla qanunun tələblərini pozur. Amma bunun fərqində deyil, vecinə almır heç kəsi, heç bir qanunu. Özünü haqlı sayır. Bu qədər də dikbaşlıq, meşşanlıq olarmı?!. Belə insanlar ağır şəkildə cəzalanmalıdır. Amma onlarla qanunun tələbləri çərçivəsində davranılır".