Pandemiya olacaq? - Elmi proqnoz

ÜST də xəbərdarlıq edir ki, bəşəriyyət buna hazır olsun

“Pandemiya istənilən halda, gec-tez olacaq. Əsas məsələ onun vaxtını mümkün qədər dəqiqləşdirməkdir”

  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı yenə pandemiya xəbərdarlığı edib. APA-ya açıqlamasında H.Harmançı qeyd edib ki, növbəti pandemiya COVID də ola bilər, influenza da (qrip, yaxud yuxarı tənəffüs yolları xəstəliyi – M.R.), başqa bir xəstəlik də: "2021-ci ildən bəri dövlətlər yeni bir pandemiya sazişi üçün çalışırlar. May ayında 77-ci Ümumdünya Səhiyyə Assambleyasında artıq bu mövzunun anlaşma ilə yekunlaşacağına ümid edirik. Təbii ki, konkret bir söz demək mümkün deyil. Bunu Assambleyanın gedişində görə biləcəyik. Burada çox vacib bir neçə məqsədi vurğulamalıyıq. Birincisi, növbəti pandemiyaya daha yaxşı hazırlaşa bilmək məsələsidir. "Növbəti pandemiya nə vaxt baş verəcək?" - deyə soruşa bilərsiniz. Cavab: Mütləq olacaq. Bu COVID də ola bilər, influenza da, başqa bir xəstəlik də... Tarixə baxsaq, hər 10 və ya 40 ildən bir mütləq pandemiya olur. Bunların bəziləri daha ağır olur – COVID kimi. Bəziləri daha yüngül keçir, məsələn, influenza kimi. Bəlkə çoxları xatırlamır, 2009-cu ildə influenza pandemiyası olub: H1-N1. O da bir pandemiya idi. Amma bu qədər ağır keçmədi. Yəni növbəti pandemiya ehtimalına qarşı səhiyyə işçilərinin hazırlıqlı olması çox mühüm məsələdir”.
  Qeyd edək ki, ÜST dünyanı cənginə ala biləcək yeni xəstəliklə bağlı neçə müddətdir ki, xəbərdarlıq edir. ÜST-nin baş katibi Tedros Qebreyesus "X xəstəliyiı" adlandırılan yeni virusun ortaya çıxa biləcəyini, lakin dünyanın buna hazır olmadığını deyib. O, dünya ölkələri rəhbərlərini xəbərdar edərək deyib ki, məsələ yeni bir xəstəliyin, virusun ortaya çıxıb-çıxmayacağı deyil, məsələ bunun nə zaman olacağıdır. Yəni pandemiya istənilən halda, gec-tez olacaq. Əsas məsələ onun vaxtını mümkün qədər dəqiqləşdirməkdir. Baş katib 2018-ci ildə dünyanı yeni bir pandemiya gözlədiyindən xəbərdar etdiyini və az müddət sonra sözlərinin təsdiqini tapdığını xatırladıb. ÜST rəhbəri bildirib ki, yeni xəstəlik dalğası qaçılmazdır və may ayınadək mütləq qlobal bir anlaşma imzalanmalıdır. O, bu anlaşmanı “bəşəriyyət üçün kritik bir vəzifə” adlandırıb və onun vacibliyini vurğulayıb və dünya dövlətlərini anlaşma memorandumu imzalamağa da çağırıb. Bu memorandum həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə pandemiya zamanı yardımı nəzərdə tutur: “Milyonlarla insanın öldüyü, bu günə qədər sosial, iqtisadi və siyasi şokların yaşandığı COVID-19-un ardından qarşınızda dayanmışam. Bəzi irəliləyişlər olsa da, dünya daha bir pandemiyaya hazır deyil", söyləyən baş katib “dünyanın diqqəti ayrı-ayrı məsələlərə dağıldıqca əvvəlki fəlakətlər unudulur. Belə olmamalıdır”, deyib. “X xəstəliyi”nin isə COVID-19-dan 20 qat daha ölümcül ola biləcəyi ehtimal edilir.
  Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az"a açıqlamasında təhlükənin real olduğunu vurğuladı:

"Məlumdur ki, XXI əsr virus əsri hesab edilir. Hətta COVID-dan öncə də ÜST insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qarşıda bizi gözləyən qrip pandemiyasının olacağını göstərmişdi. Bu, 1 il sonramı olacaq, 10 il sonramı, konkret vaxt məlum deyil. Amma bu, mütləq olacaq. “İspan qripi”ndə olduğu kimi, virusun mutasiyaya uğraması nəticəsində xəstəliklər pandemiya şəklini alacaq. Pandemiya olacağı elmi proqnozdur. Gözləniləndir. ÜST də xəbərdarlıq edir ki, bəşəriyyət buna hazır olsun. Koronavirus pandemiyası dünya dövlətlərinin buna hazır olmadığı gerçəyini ortaya qoydu. Ölkələr arasında koordinasiya yetərli olmadı, nəticədə COVID-19 qısa müddətdə qlobal pandemiyaya çevrildi, dünyanı bürüdü. Bu həqiqətdir. İnsanlar bunu nəzərə almalıdırlar, dövlətlər nəzərə almalıdırlar və hər cür gözlənilməz hadisəyə hazır olmaq lazımdır. Vaksinlərin qeyri-bərabər paylanması da əsas müzakirə mövzusudur və bu da çox problemli məsələdir. Vaksinlərin düzgün bölüşdürülməməsi səbəbindən koronavirusdan ölüm hallarının sayı yüksək oldu. Digər vacib məsələ ölkələr arasında kommunikasiya, bilgi alış-verişi ilə bağlıdır. 77 Ümumdünya Səhiyyə Assambleyasında bu məsələnin də ciddi müzakirə olunacağı gözlənilir. Ölkələr mütləq bir-birinə yardım etməlidir. Yaxşı olar ki, qarşılıqlı yardımlaşma, tibbi vasitələrin çatdırılması, bərabər paylanmasıyla bağlı saziş imzalansın, dövlətlər üzərlərinə konkret öhdəlik götürsünlər. Qarşıdakı çətinliklərə maksimum hazır olmalıyıq".