Psixoloq: Məhbəsə düşənlər tərbiyələnmir

Son zamanlar baş verən cinayət hadisələri ilə bağlı xəbərlərdə “əvvəllər məhkum olunmuş şəxs” sözləri əskik olmur

Psixoloqun sözlərinə görə, əvvəllər məhkumluq həyatı yaşamış şəxslərin reabilitasiyası üçün addımlar atılmalıdır


  Şabran şəhərində fərdi yaşayış evlərindən birinə basqın olub. Hadisə zamanı ev sahibi Arif Hüseynov yaralanıb, onun həyat yoldaşı Gülnarə Hüseynova isə küt alətlə zərbələr yetirilməklə öldürülüb. Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Arif Hüseynovun vəziyyəti ağırdır. İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. İlkin məlumata görə, hadisə oğurluq məqsədilə baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Basqını törədən şəxs və yaxud şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
  Qeyd edək ki, eyni gündə əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Oqtay oğlu Allahverdiyev Şüvəlan qəsəbəsində 3 polisi, bir mülki vətəndaşı öldürüb.
Tək bu gün deyil, son zamanlar baş verən cinayət hadisələri ilə bağlı xəbərlərdə “əvvəllər məhkum olunmuş şəxs” sözləri əskik olmur. Bu isə əvvəllər məhkum olunmuş şəxslərin reabilitasiya problemini gündəmə gətirir. 
Məhkum edilən şəxslər azadlığa çıxandan sonra da təkrar-təkrar cinayət törədir, oğurluq  edir, adam öldürürsə, bəs onda niyə  həbsxanalara  islah müəssisəsi kimi  baxılır?! 
  
Mövzu ilə bağlı “Sherg”a açıqlama verən psixoloq Azad İsazadə deyib ki, əvvəllər məhkum olunmuş şəxslərin yenidən məhbəs yerinə qayıtması problemi hər zaman aktualdır: 
“Cəmiyyətdə belə bir yanaşma var ki, bir dəfə  məhbəsə düşənlər orada tərbiyələnir. Bu, yanlış düşüncədir. İnsan  məhbəsə düşəndən sonra onun tərbiyələnmə prosesi getmir. Tam əksinə, oradakı yazılmamış qanunlar onun psixologiyasında müəyyən dəyişikliklər əmələ gətirir. Həmin dəyişikliklər sonradan şəxsin məhbəsə qayıdışını şərtləndirən əsas amillərdəndir. Hesab edirəm ki,  məhkum olunmuş şəxslərin reabilitasiyası psixoloji durumlarından çox asılıdır. İlk dəfə həbs olunan şəxs cəzaçəkmə müəssisəsində yeni mühitlə üz-üzə qalır. Oranın öz ”qanunları", qaydaları var. Oğru dilində buna “varavskoy zakon” deyirlər. Məhbəsə ilk dəfə düşən şəxs oğru dünyasının üzvüdür, deyil, fərq etməz. İnsan, sadəcə, o qaydaları, qanunları qəbul edir. Həmin qayda-qanunlarda kobud ədalət var. Həmin kobud ədalət real ədalət deyil. Amma həmin şəraitə görə həmin qayda-qanunlar keçərlidir. İnsan həmin qaydaları qəbul edir. Etməsə, oradakı çoxluqda olan kontingentlə mübahisə yaranır. Ora ilk dəfə düşmüş şəxs - xırda bir cinayətə, avtoqəzaya görə həbsə alınmış insan içəridəki qaydalarla 4-5 il yaşayır. Həmin müddətdə cəmiyyət inkişaf edir. Həbsə alınan şəxs isə həmin inkişafdan kənarda qalır. Məhkumluq həyatı başa çatandan sonra isə inkişaf etmiş cəmiyyətə uyğunlaşa bilmir. Sosial, psixoloji reabilitasiya yoxdur. İş tapmaq problemi həll olunmur. Belə bir halda şəxs özünün 5 il yaşadığı mühitdə olan qayda-qanunlar ədalətli sayır. Biz gündəlik həyatda ədalətsizliklərlə rastlaşırıqsa, belə şəxslər 5 il ərzində formalaşan düşüncəsinə, psixologiyasına görə 2 qat daha artıq rastlaşır. Şüuraltı hesab edir ki, türmə daha ədalətlidir. Yəni psixoloji baxımdan içəri qayıtmaq üçün heç bir baryer qalmır. “Kişinin başına iş gələr” düşüncəsi hakim düşüncəyə çevrilir. İş 1 dəfə gəlibsə, fərqi yoxdur, 2-ci, 3-cü dəfə də, hətta 5-ci dəfə də gələ bilər. Məhbəsdə olmayan şəxsin içəri düşmək qorxusu var. 1 dəfə orada olandan sonra isə bu qorxu da aradan qalxır, adiləşir".
  
Psixoloqun sözlərinə görə, əvvəllər məhkumluq həyatı yaşamış şəxslərin reabilitasiyası üçün addımlar atılmalıdır: 
“Sivil ölkələrdə məhkumların reabilitasiyası üçün xüsusi proqramlar var. Hətta elə ölkələr var ki, məhkumların müəyyən kateqoriyası şənbə-bazar günləri öz evlərinə də gedə bilirlər.  Digər tərəfdən isə azadlıqdan məhrum edilmiş, həbs müddətini bitməsinə 1 il qalmış şəxslərlə sosioloqlar, psixoloqlar çox ciddi şəkildə işləyirlər. Sosial, psixoloji reabilitasiya da məhz məhkum olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası məqsədi daşıyır. Şəxsin həbs müddəti bitəndə onun bircə hüququ - azadlıq hüququ bərpa olunur. Qalan hüquqları isə o, həbsə alınan andan özündə olur. Ona görə də cəmiyyətə inteqrasiyası çox rahat olur, təkrar cinayət yoluna qayıtmır”.