Ekspert: Hava şəraiti nəzərə alınmalıdır

Azyaşlı uşaqları çimərlikdə mütləq nəzarətdə saxlamaq lazımdır
 
 
 Çimərlik mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artıb.
Xəzər dənizindəki batmaların hamısı nəzarət edilməyən ərazilərdə baş verib.
Qeyd edilib ki, bölgələrdə, xüsusən də nəzarətsiz, qeyri-çimərlik ərazilərdə boğulma riski daha çoxdur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlilinin sözlərinə görə, çimmək üçün riskli hesab edilən ərazilərdə sualtı axınlar normadan artıq olur.
Şöbə rəisi sualtı təhlükələrin çox olduğu əraziləri də açıqlayıb. O qeyd edib ki, Sabunçu rayonu, Şüvəlan, Bilgəh, Nardaran, Novxanı və Goradil qəsəbələrində yerləşən nəzarətsiz çimərliklər təhlükəli ərazi kimi qeydə alınıb və burada baş verən boğulma hadisələrinin sayı çoxdur.
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev  isə “Sherg.az”a açıqlamasında deyib ki, çimərliyi düzgün şəkildə seçmək, fəaliyyətinə icazə verilən çimərliyə getmək lazımdır. Onun sözlərinə görə, fəaliyyətinə icazə verilməmiş çaylar, göllər, su kanalları və su anbarlarından çimərlik kimi istifadə etmək həyat və sağlamlıq üçün olduqca təhlükəlidir: 

“Çimərliyə gedərkən hava şəraiti nəzərə alınmalıdır. Əgər hava küləklidirsə, dənizdə dalğanın hündürlüyü 1,5 metrdən yuxarıdırsa, küləyin sürəti saniyədə 12 metri keçibsə, çimərliyə getməmək məsləhətdir. Günün qızmar vaxtlarında – saat 12:00-16:00 aralığında çimərliyə getməmək məsləhətdir. Daha sonra çimərlikdə spirtli içki qəbul edib suya girmək, saatlarla suda vaxt keçirmək, çimərliyi yağış meydançasına çevirmək, üzmə sərhədlərindən dəfələrlə uzaqlaşıb daha dərin hissələrdə üzmək yolverilməzdir. Azyaşlı uşaqları çimərlikdə mütləq nəzarətdə saxlamaq lazımdır. Çimərlikdə hansısa bir daş, qaya parçasının, metal konstruksiyalarının üzərinə çıxıb suya baş vurmaq yolverilməzdir. Bundan əlavə, suda geri çəkilmə halı olan yerlərə xüsusi diqqət yetirmək lazımdır. Yəni mütləq üzmə sərhədləri müəyyənləşdirilən yerdən kənara çıxmamaq tövsiyə olunur. Əgər çimərliyə gedəndə suyun metrlərcə geri çəkildiyi müşahidə edilirsə, üzmə sərhədləri müəyyənləşdirilməyibsə, oranın fəaliyyətinə icazə verilməyibsə, həmin yerdən çimərlik kimi istifadə etmək yolverilməzdir”.

 E.Nurəliyevin sözlərinə görə, hər il çimərlik mövsümü başlamamışdan qabaq aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən çimərlik ərazilərinə baxış keçirilir. Monitorinq zamanı suyun akvatoriyasının öyrənilməsindən tutmuş, suyun dibində daş, qaya parçalarının olmasına, eləcə də suyun təmizliyinə, sanitar-bakterioloji normalarına qədər müəyyənləşdirilir: 
“Ancaq ondan sonra çimərliklərin fəaliyyətinə icazə verilir. Müvafiq qurumlar tərəfindən fəaliyyətinə icazə verilən çimərliklərdə insanlar rahat, sağlam, təhlükəsiz istirahət edə bilərlər. Ancaq fəaliyyətinə icazə verilməmiş çimərliklərdə təhlükə riskləri vardır. Valideynlər də bu məsələlərdə diqqətli olmalı, övladlarını nəzarətdə saxlamalıdırlar. Onlara göl, kanal və bu kimi digər yerlərdə çimməyin təhlükələrə gətirib çıxara biləcəyini aşılamalıdırlar”.