Bakı səhra şəhəri olduğuna görə yay ayları isti olur
Son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur.
Havada temperatur artdıqca insan bədənində bu vəziyyətə uyğunlaşmaq üçün müəyyən fizioloji dəyişikliklər baş verir. Bu zaman tərləmə artır, ürək döyüntüsü sürətlənir və tənəffüz zamanı müxtəlif problemlər yaranır. Temperaturun yüksək olması susuzluq, başağrısı, başgicəllənmə, üz nahiyəsində qızarıqlıq yaradır və bədən temperaturunun bəzən 40 dərəcəyə kimi artmasına səbəb olur.
Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, 42 dərəcə istidə günəşin altında olmaq doğru deyil:
“Səhər saat 11:00 -a qədər günəşin altında dayanmaq olar. Əgər 40 dərəcə isti varsa, o zaman saat 10:00-dan axşam 17:00-a qədər günəş şüalarında gəzmək doğru deyil. Ancaq bu saatlarda günəşlənmək olar. Günəş altında olarkən çətir, ağ şapka və ağ geyimlərlə gəzmək olar. Bəzən Bakıda 42 dərəcə hava olanda rütubət və nəm çox olur. Rütubət çox olan zaman isə insanlar daha çox boğulur. Ancaq küləkli havada 42 dərəcə o qədər də hiss edilmir. Bakı səhra şəhəri olduğuna görə yay ayları isti olur. Hazırda yerləşdiyimiz yer mülayim subtropik iqlim qurşağıdır. Buna görə də isti havalar baş verir. Yayda sərin hava olarsa, bizim üçün çətin olar. Məsələn Bakıdakı 32 dərəcə isti ilə Naxçıvandakı və Kürdəmirdəki 32 dərəcə çox fərqlidir”.