Qəzalardan və yaşanan hadisələrdən 100 faiz sığortalanmaq da mümkün deyil
Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb. Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.
Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, hər bir işi görən zaman təhlükəsizlik ön planda olmalıdır:
“Təhlükəsizlik ciddi şəkildə nəzərə alınmalıdır ki, hər hansı qəza və bədbəxt hadisə yaşanmasın, risklər aşağı səviyyyədə olsun. Ancaq qəzalardan və yaşanan hadisələrdən 100 faiz sığortalanmaq da mümkün deyil. Mütləq şəkildə tədbirlər görülməlidir. İşçinin iş öncəsi və iş zamanı diqqət yetirməli olduğu təhlükəsizlik qaydaları var. Yaxşı olar ki, işçilərin iş zamanı üzərinə geyindiyi geyimlərdə geri işıq qaytaran elementlər olsun. Çünki bu zaman sürücülər də qarşıda olan şəxsi görə biləcəklər. İş olan yerlərə təhlükəsizlik bariyerləri qoyulmalıdır. Sürücülər də diqqətli olmalıdır. Sürət rejimini düzgün seçməlidirlər. Çünki yolda görmə məhdudiyyəti olan insan və yaxud da digər maneələr ola bilər”.