Mühərrəm ayı: Ən böyük savab kimsəsiz, ehtiyaclı şəxsləri yedizdirməkdir - İlahiyyatçı

Maddi təminatı az olan ailələrə yardımlar etmək, yetim uşaqlara qarşı diqqətli olmaq, bir sözlə, insanlığa xidmət edən gözəl əməllərin yerinə yetirilməsi tövsiyə edilir

  Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib. Müraciətdə bildirilir ki, QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, Hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatır, yeni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə təsadüf etdiyindəın  Aşura günü iyul ayının 16-da qeyd ediləcək. 

“Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi tarixdə fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri islamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün örnək nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar”. Müraciətdə daha sonra vurğulanır ki, şükürlər olsun, Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən xilas edilib. Son illər Məhərrəmlik dönəmində dindarları islama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən bu humanist ənənə bu il də davam etdiriləcək, dindarlarımız qan bankının zənginləşməsinə öv töhfələrini verəcəklər. “Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin 
QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”. 

  İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında məhərrəm ayında savab əməllər barədə danışıb: 

- Bildiyimiz kimi, Mühərrəm ayı islam və ondan öncə də haram olunmuş aylardan biri hesab edilir, bu ayda ümumiyyətlə savaş-insanlara qarşı zorakılıq və həddi aşmaq kimi əməllər qadan edilmiş aylardan biri sayılır, bunula belə islam tarixində pəygəmbər övladları başda İmam Hüseyn (ə) olmaqla Kərbəlada haqq, barış və insanlıq naminə şəhid edilmişdir, bu səbəbdən islamın ilk yeni ili məhz qanlı və hüzünlə yaddaşlarda həkk olunmuşdur. Bu ayda hüzün və kədərlənmək, eləcə də bütün milli-mənəvi dəyərlər uğrunda, canlarını vətən sevgisi ilə ərazi bütövlüyümüz uğrunda fəda verən şəhidlərimizin də Kərbəla şəhidləri ilə birgə yad edilən günlər hesab olunur. Ən çox savab əməl onların xatirəsini yad etmək və hüzünlü olmaq, sevinc və şadlıq etməmək, peygəmbər (s) və onun Əhli-beytinin bizə etdiyi tövsiyələr sayılır. O cümlədən daha yaxşı olar bu ayda insanlar bir-birilərinə qarşı hörmət və ehtiram bəsləsinlər, insanın qəlbini qırmaq və ya onu incitmək də böyük günahlardan sayılır. Ən böyük savab əməllərdən biri də Allah yolunda İmam Hüseyn adına ehsan süfrələri təşkil etmək və kimsəsiz, ehtiyaclı şəxsləri yedizdirmək, eləcə də maddi təminatı az olan ailələrə imam ehsanı kimi yardımlar etmək, yetim uşaqlara qarşı diqqətli olmaq, bir sözlə, insanlığa xidmət edən gözəl əməllərin yerinə yetirilməsi tövsiyə edilir. İmam Hüseynin öz dili ilə ifadə etsək, əsas missiya insanları yaxşılığa dəvət edib pisliklərdən çəkindirmək bu ayın ən önəmli mesajlarından hesab edilir.