Şəkidə 57 yaşlı kişi yataqda yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində baş verib. Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə və araşdırma zamanı məlum olub ki, M. Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxiya gedən M. Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, təhlükəsizlik qaydalarına biganəlik növbəti dəfə can alıb:
“Təhlükəsizlik qaydalarına istər gündəlik həyatımızda, istərsə, də hər hansı bir iş görən zaman riayət edilməlidir. Qapalı məkanlarda siqaretin çəkilməsi həm qanunvericilik, həm də təhlükəsizlik qaydalarının tələbləri baxımından yolverilməzdir. Bu səbəbdən də qapalı məkanlarda siqaretin çəkilməsi ilə bağlı dövlət siyasəti formalaşdırılıb və müəyyən cərimə tədbirləri müəyyən olunub. Bəzi hallarda mənzillərdə siqaretin çəkildikdən sonra kötüyü eyvanlardan yerə doğru atılır. Bu da öz növbəsində ağaclarda, iplərdən asılmış geyimlərdə yanğın hadisəsi törədir. Bu səbəbdən baş verən hadisələrin sayı da kifayət qədərdir. Siqareti çəkdikdən sonra tam söndüyündən əmin olmaq üçün su ilə üzərini örtmək və yaxud da xüsusi siqaret söndürən vasitələr ilə söndürmək lazımdır. Bəzi hallarda siqaret kötüyü tam sönməmiş zibil qutularına atılır. Bu isə yanğın hadisələrinin baş verməsinə səbəb olur. Qapalı məkanlarda siqaretin çəkilməsi təkcə yanğın təhlükəsizliyi riskinin yaradılması ilə kifayətlənmir, həmçinin ətrafdakı insanların həyat və sağlamlıqlarına ciddi təhlükə törədir. Yanğın təhlükəsizliyi qaydaları ilə bağlı yay aylarında nəzarət və ehtiyyat tədbirləri görülməlidir. İnsanlar bir daha diqqətli olmalı və baş verə biləcək yanğın hadisələrindən sığortalanmaq üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməlidirlər”.