2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-ci ilin II rübünə nisbətən 9.2% artıb.Bu barədə "Sherg.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Bildirilib ki, cari ilin II rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3%, təkrar mənzil bazarında qiymətlər isə 9.2% artıb. Belə ki, 2024-cü ilin II rübündə mənzillər əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.3%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb. Görəsən mənzil bazarındakı bahalaşma nə ilə bağlıdır? Paytaxtımızda ən ucuz və ən bahalı evlər harada yerləşir? Bundan sonra daşınmaz əmlak sektorunda vəziyyət necə olacaq?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, ölkənin daşınmaz əmlak bazarında xüsusən paytaxtda və digər böyük şəhərlərdə illərdir qiymət artımı davam edir:
''Bahalaşma daha çox 2023-cü ildə müşahidə edildi. Belə ki, 15-dən 30-faizədək qiymət artımı qeydə alındı. Bu vəziyyət 2023-cü ilin oktyabr ayına qədər davam etdi. Lakin bundan sonra qiymətlər stabilləşdi. Bununla əmlak bazarında ciddi çöküş yarandı. Bundan sonra 2024-cü ilin fevral-mart aylarında vətəndaşlara ipoteka kreditləri verildiyinə görə, yenidən əmlak sektorunda canlanma baş verdi. Bu aralığda isə qiymət təqribən 5-10 faiz yüksəldi. Hazırkı dövrdə isə əmlak bazarında müştəri qıtlığı var. Ənənəvi olaraq hər il yay aylarında çoxmənzilli binalara tələbat azaldığı üçün qiymətlər müəyyən qədər enir. Təlabat daha çox fərdi yaşayış, bağ evlərinə və torpaq sahələrinədir. Bu baxımdan hazırda evlərin qiyməti artmayıb. Böyük ehtimal, daha çox sentyabr aylarından bahalaşma müşahidə olunacaq. Digər tərəfdən çoxmənzilli yeni yaşayış binalarında qiymət artmağa davam edir. Bu həmin binaların tikinti xərclərinin yüksək və yararlı torpaq sahələrinin məhdud sayda olması ilə əlaqədardır. Torpaq sahələrinin qiymətinə gəldikdə isə elə də ciddi qiymət artımı yoxdur".