Ana dayə ilə bir müddət eyni ortamda yaşamalıdır - Psixoloq


İnternetdən və sosial şəbəkələrdən tapılan dayələrə etibar etmək üçün onun keçmiş iş yerlərindən referanslar almaq çox vacibdir

 
Bir neçə il əvvəl UNİCEF «Tanış sifət: Uşaqların və yeniyetmələrin həyatında zorakılıq» adlı hesabat açıqlamışdı. Hesabatda qeyd olunurdu ki, dünyada 1-4 yaşlı uşaqların 75 faizi, yəni 300 milyon uşaq evdə baxıcıları tərəfindən psixoloji aqressiya və fiziki cəza görür. 30 ölkədə 1 yaşlı körpələrin hər 10 nəfərindən 6-sının daimi olaraq zorakılığa məruz qaldığı bildirilirdi.

Valideynin uşağı dayəyə etibar etməsinin müxtəlif səbəbləri ola bilər. Elə ana var, işə çıxmaq məcburiyyətindədir və uşağı dayəyə etibar etməkdən başqa yolu yoxdur. Eləsi də var, sırf öz dincliyi, istirahəti üçün uşağı dayənin «üstünə atır».

Bəzən, maddi cəhətdən təminatlı ailələrdə uşağı dayəyə sadəcə, dəb xatirinə, ətrafdakılara özünü «işgüzar», hətta varlı ailə kimi tanıtmaq naminə tapşırırlar. Sanki körpə böyütmək, uşağa qulluq əskik bir işdir…

Nəticə isə bəzən heç də yaxış olmur, hətta gözləntilərin əksi də baş verir. Dayələr tərəfindən körpələrin fiziki zorakılığa məruz qalması, bəzən daha faciəli olaylar - körpənin qətli də baş verən bədbəxt hadisələr sırasındadır. 

 Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a  bildirib ki, ana dayə ilə bir müddət eyni ortamda yaşamalıdır:

“Ana və dayə bir neçə həftə eyni ortamda yaşamalıdırlar ki, uşağın dayəyə adaptasiya dövrü rahat keçsin. Bu müddət ərzində ana dayənin iş üsulunu, uşağa yanaşmasını müşahidə edə və lazım olan dəyişiklikləri edə bilər.  İnternetdən və sosial şəbəkələrdən tapılan dayələrə etibar etmək üçün dayəni işə götürmədən əvvəl onun keçmiş iş yerlərindən referanslar almaq çox vacibdir. Dayə ilə ətraflı müsahibə aparmaq və onun təcrübəsini, biliklərini və şəxsiyyətini qiymətləndirmək lazımdır. Bir neçə həftəlik sınaq dövrü keçirmək tövsiyə olunur ki, uşağın və ailənin dayəyə necə uyğunlaşdığını görmək mümkün olsun. Bəli, dayələrin tibbi müayinədən keçməsi vacibdir. Bu, dayənin sağlamlığını və uşağa hər hansı bir sağlamlıq riski yaratmadığını təmin edir. Bu yoxlanışlara infeksion xəstəliklər, allergiyalar və ümumi sağlamlıq vəziyyəti daxil olmalıdır. Körpələr çox həssas olduğuna görə, adətən 0-12 ay yaş qrupundakı uşaqlar yaxın ailə üzvlərinə əmanət olunur. Təcrübəli və xüsusi biliklərə malik dayələr 1-3 yaş qrupunda daha uyğundur. Məktəbəqədər 3-5 yaş qrupundakı uşaqlar yeni qayğı göstərənlərə daha asan uyğunlaşırlar. Valideynlər dayə tutma səbəbləri bunlardır: Valideynlərin işə qayıtmasına görə, dayələr uşaq baxım mərkəzlərinə nisbətən daha çox elastiklik təklif edir, uşağa xüsusi diqqət və qayğı göstərə bilir, çox vaxt ev işlərində də kömək edir, xüsusi ehtiyacı olan uşaqlar fərdi qayğıya ehtiyac duyurlar ki, bu da dayələr tərəfindən təmin edilə bilər”.