''Zeytun yağı öz dadı, tərkibinin zənginliyi, sağlamlığa faydaları ilə çox məşhurdur. Bu qida növü Türkiyə, Yunanıstan kimi ölkələrdə yaxşı tanınır və demək olar ki, bütün yeməklərdə və bir çox digər sahədə istifadə olunur''.
Bu fikirləri "Sherg.az"a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
Onun sözlərinə görə, Bakı şəhərinin əksər yerlərində çox yaxşı yetişməsinə və bol məhsul verməsinə baxmayaraq, ölkəmizdə zeytun yağı o qədər də məşhur deyil. Zeytun yağı hələ yeni-yeni insanlar arasında tanınmağa, istifadə olunmağa başlanılıb:
''Zeytun yağının hazırlanması biraz zəhmət tələb edən işdir. Əksəriyyət isə zeytun yağının faydaları haqqında məlumatsızdır. Ona görə də əvvəlcə zeytun yağını tanımaq, düzgün şəkildə təbliğ etmək lazımdır. Zeytun yağı zeytunun sıxılması ilə əldə edilən təbii yağdır. Yağın dadı zeytunun növünə görə dəyişir. Təmizlənməmiş yağlar (rafinə olunmamış) saf quruluşa malikdir, istilik və kimyəvi maddələrdən istifadə edilmədən əldə edilir. İşlənmiş(rafinə olunmuş), yəni, təmizlənmiş zeytun yağı açıq rəngdə olur və yumşaq dada malikdir. Zeytun yağı alarkən şüşə qablaşdırmada olanı alın! Çünki plastik qablaşdırmada olan zeytun yağının tərkibinə plastik materiallardan müxtəlif kimyəvi maddələr qarışa bilər. Bu da təhlükəlidir. Yağın rənginə aldanmayın! Çünki yağın rəngi keyfiyyətini müəyyən etmir, əlavə olunan xlorofil və ya qida boyası sizi çaşdıra bilər. Günəş işığına məruz qalmayan yağ alın! Təbii sıxım(rafinə olunmamış) zeytun yağları sürətlə oksidləşə və pis qoxu gələ bilər. Etiketləri diqqətlə oxuyun! Yəni nə vaxt istehsal olunduğu, nə vaxt qablaşdırıldığı, son istifadə tarixi, hansı ölkədə, hansı zeytun növündən hazırlanması kimi məqamlara baxın. Təbii sıxım zeytun yağını uzun müddət saxlamayaraq, qısa müddət ərzində istifadə edin və hər dəfə də yeni sezon yağı alın. Qeyd edim ki, təbii zeytun yağı aşağı temperaturda dona bilər''.