Mərkəzi Asiya ölkələri “yumşaq” regionallaşma yolu ilə birləşməlidir. Bunu Qazaxıstan İctimai İnkişaf İnstitutunun ictimai proseslərin öyrənilməsi Mərkəzinin rəhbəri Tasım Rizzat “Sputnik-Qazaxıstan” multimedia mətbuat mərkəzində keçirilən Astana-Moskva-Bişkək-Daşkənd-Düşənbə videokörpüsü zamanı deyib. O, həmçinin qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin vahid cəbhədən çıxış etməsi həyati əhəmiyyət kəsb edir. “Lakin bu proses “yumşaq” regionallaşma vasitəsilə baş tutmalıdır və qeyri-dövlət qurumlarının qoşulmasını nəzərdə tutur. Məsələn, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü ərəfəsində region ölkələrinin tarixçilərinin birinci forumu keçirilib”, – Tasım Rizzat bildirib.
O xatırladıb ki, 40 il bundan əvvəl Tacikistanda keçirilmiş tarixçilərin analoji forumu çərçivəsində bir sıra sazişlər imzalanıb ki, bunlardan biri də Mərkəzi Asiya xalqlarının vahid tarix dərsliyinin yaradılması və arxiv materiallara çıxışın təmin edilməsi planlarına aid olub.
"Bu gün isə söhbət ümumi regional identikliyin formalaşmasından gedir", - ekspert əlavə edib.
Onun fikrincə, region ölkələrinin gəncləri arasında əlaqələr gücləndirilməlidir: “Ölkələrimizdə orta yaş həddi 29-dur və onların səyləri birləşməyə yönəldilməlidir. Biz öz vahid media məkanımızı yaratmalıyıq”.
Rusiya-Tacikistan (Slavyan) Universitetinin Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru Guzel Maytdinova qazaxıstanlı ekspertin vahid media məkanı yaratmaq ideyasını dəstəkləyir.
“Qonşu ölkələrin həyatı haqqında çox az məlumatlıyıq, amma biz bir-birimizi yenidən tanımalıyıq, çünki gələcəkdə xarici siyasət yürüdəcək və regionun yeni mənzərəsini formalaşdıracaq yeni nəsil yetişib. Bizə Mərkəzi Asiya haqqında müsbət imic lazımdır”, - o qeyd edib.
Xatırladaq ki, bu il avqustun 9-da Astanada Mərkəzi Asiya Dövlət Başçılarının sammiti keçirilib. Tədbirin sonunda bir sıra sənədlər, o cümlədən “Mərkəzi Asiya-2040” Regional Əməkdaşlığın İnkişafı Strategiyası və “XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqavilə imzalanıb.
Tasım Rizzatın fikirlərinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət "Sherg.az"a vurğulayıb ki, Orta Asiya dövlətlərinin vahid coğrafiyası və ortaq tarixi keçmişinin olması sözügedən məsələni zəruri edir:
“Yəni həmin ölkələr nə qədər çox biri-birilərinə inteqrasiya edərlərsə, gələcəkdə ortaya çıxacaq anlaşılmazlıqları o qədər tez aradan qaldıra bilərlər. Orta Asiya dediyimiz Türküstan bölgəsi etnik rəngarəngliyi ilə seçilir. Həmin etnik rəngarənglik bəzən "başağrısına da səbəb olur". Hətta ən yeni tarixdə belə Orta Asiyada etnik zəmində qarşıdurmaların olduğunun şahidi olmuşuq. Hazırda da xarici güclər etnik qarşıdurmaları genişləndirilməyə can atır. Ona görə də inteqrasiya proseslərini sürətləndirmək lazımdır. Eyni zamanda birlikdə olmaq çox vacibdir. Təbii ki, burada ölkələrin ləğv olunaraq tək dövlətdə birləşməsindən söhbət getmir. Sadəcə olaraq həmin dövlətlərin məsələn, Avropa Birliyi ölkələri arasında olan münasibətlər formasında qurulması məqbul sayılardı. Tacikistan xaric Orta Asiyada olan digər türk dövlətləri Türk Dövlətləri Təşkilatına (TDT) üzvdür. Gələcəkdə TDT çərçivəsində sözügedən inteqrasiyanın olmasının tərəfdarıyıq. Hesab edirik ki, Tacikistan qədim türk coğrafiyasının bir parçası olması və ərazisində türk xalqlarının yaşaması baxımından TDT-dan kənarda qalmamalıdır. İndiki halda ən azından Tacikistan TDT-da məşvərətçi kimi iştirak etməlidir. Proseslərin gedişatından asılı olaraq Tacikistanın TDT-ya tamhüquqlu üzvlüyünə baxıla bilər. İnteqrasiya təkcə Orta Asiya çərçivəsində deyil, bütövlükdə türk dünyası səviyyəsində baş tutmalıdır".