Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 821,2 milyon manat xərclənib.
“Sherg.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,8% üstələyib. Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 milyon manat xərclənib, bu da illik müqayisədə 8,1% artım deməkdir. Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Maraqlıdır, ölkədə əhalinin avtomobil yanacağına xərcləri bu il artmasına səbəb nədir?
Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a söyləyib ki, istehlak mallarının dövriyyəsi, təlabatın artması ölkədə tələb-təklif tendensiyasına uyğun inkişaf edir:
''Burada benzin qiymətlərinin artması da mühüm rol oynayır. Biz avtomobil benzininə və dizel yanacağına 1821.2 milyon xərcləndiyini müşahidə edirik. Amma benzin və dizel yanacaqlarının dəyərindəki artım əhəmiyyətli dərəcədə böyük rəqəmdir. Məsələn, dizel yanacağı xərcləri 25 faiz qalxıb. Bu rəqəm benzində bir qədər azlıq təşkil edir. Həmçinin, ilin bu vaxtlarında turist axını ötən ilə nisbətən artıb. Bu da regionlara nəqliyyat vasitələrinin hərəkət intensivliyinin çoxalmasına gətirib çıxarır. Vətəndaşların daxili turizmə daha çox qapanması yanacaq məsrəfinin artmasında əsas rolu oynayır. Yəni, sadalanan faktorlar əhalinin avtomobil yanacağı xərclərinin 6.8 faiz artmasına səbəb olub".