Qlobal tendesiya: Gənclər arasında işsizlik artır -AÇIQLAMA

2023-cü ildə dünya üzrə 15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsi 13% təşkil edib ki, bu da son 15 ilin ən aşağı göstəricisidir.
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının saytında dərc olunan hesabatda deyilir.
“2023-cü ildə gənclər arasında işsizlik səviyyəsi 13% təşkil edib, bu da 64,9 milyon insan sayına bərabərdir və son 15 ilin ən aşağı göstəricisidir. Bu rəqəmin bu il və gələn il daha da azalaraq 12,8%-ə düşəcəyi gözlənilir”, - hesabatda deyilir.
Qeyd olunur ki, ərəb dövlətləri, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionunda isə gənclər arasında işsizlik səviyyəsi 2023-cü ildə 2019-cu ilə nisbətən daha yüksək olub.


Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki,  Azərbaycanda işsizləri təsnifatlaşdıranda gənclərin işsizliyik səviyyəsinin daha yüksək olduğunu müşahidə edərik:

“Oğlanlar məktəbi bitirdikdən, həmçinin ali məktəbə və ya orta ixtisas müəssisələrinə daxil olduqdan sonra hərbi xidmətə  gedirlər. Hərbi xidmətdən qayıtdıqdan sonra isə əmək bazarına girməkdə çətinlik yaranır. Qızlar arasında isə işsizliyin səbəbi ixtisassızlar üzrə iş yerlərinin azlığıdır. Yalnız kənd təsərrüfatı sahəsində işlər mövcuddur. Digər tərəfdən yüngül sənayə və tekstil yönlərində də işlər zəifdir. Təhsil alanlar büdcə təşkilatlarında və ya dövlət qulluğunda işlə təmin edilirlər. Ona görə də ölkəmizdə gənclər arasında işsizlik yüksək səviyyədədir. İşsizlik kriteriyaları elə müəyyən edilib ki, torpaq sahəsi olan məşğul sayılır. Nəzərə almaq lazımdır ki, o torpaqlardan istifadə etməyənlər çoxdur və ya bütün ailə üzvü istifadə etmir. Bu zaman rəqəm daha böyük ola bilər. Gənclər arasında işsizlik artır. Bu qlobal tendensiyadır. İşğaldan azad olunmuş ərazilərdə kişilər işlərə cəlb olunurlar. Orada məskunlaşma baş verdikcə qadınların da məşğulluğu təmin ediləcək. Dövlət və hakimiyyət orqanları formalaşdıqca iş yerlərində gənclərin təmsilçiliyi artacaq. İşğal edilmiş ərazilərdə məskunlaşma gələcəkdə iş yerlərinin sayını artıra bilər”.