Maraqların toqquşması: Qərb Cənubi Qafqazda mövqeylərini gücləndirməklə Çinlə mübarizəyə hazırlaşır

Roma İmperiyasının uğurla tətbiq etdiyi “parçala və hökmranlıq et” prinsipi sonrakı dövrlərdə müstəmləkə siyasəti yürüdən Qərb dövlətləri tərəfindən də geosiyasi konsepsiyalarının ana xəttinə çevrildi. Son 100 ildə dünyanın fərqli regionlarında baş verən və baş verməkdə davam edən ərazi mübahisələri, milli zəmində toqquşmaları məhz həmin prinsipin qoyduğu mirasdır. Bu xüsusda ABŞ, Avropa İttifaqı və Fransa Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməkdə davam edir. Bir yandan Ermənistanı silahlandırır, digər tərəfdən isə Azərbaycanın xarici siyasətinə qarışmağa səy göstərir. Eyni zamanda Gürcüstana qarşı ağır sanksiyalar qoymaqla regionda olan vəziyyəti daha da qəlizləşdirir.

Cənubi Qafqazla bağlı planları “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Qərbin regionda yaxın və uzaq perspektivə hezablanan hədəfləri var:

“Qərbin yaxın perspektivdə olan addımlarını Rusiya ilə mübarizə kontekstində görürük. Çünki Cənubi Qafqazda Rusiyanın nüfuzu həmişə güclü olub. 2000-ci ildən sonra Gürcüstanda Qərb müəyyən şəkildə önə çıxsa da, 2003-ci ildən bəri Ermənistan Rusiyanın, Gürcüstan isə Avropanın nəzarətində olub. Azərbaycan isə Cənubi Qafqazda əsas faktor olan ölkə olaraq balanslı siyasət yürüdürdü. Yəni Cənubi Qafqaz Qərb və Rusiya arasında bölüşdürülmüş vəziyyətdə idi. Amma sözügedən balans dəyişir. Qərb Gürcüstanda, Rusiya isə Ermənistanda mövqeylərini itirir. İndiki halda hər iki tərəf güc balansını xeyirlərinə dəyişmək üçün Azərbaycanın dəstəyinə uz tutmalıdırlar. Azərbaycan isə yenə neytral siyasətini davam etdirir. Əgər Bakı tərəf seçmək məcburiyyətində qalsa, bu Ankara olacaq. Çünki xarici təzyiqlər önündə Türkiyə faktoru qalxan rolunu oynayır. Qərb isə Ermənistanı silahlandırmaqla Azərbaycana təzyiq etməyə çalışır. Eyni zamanda Gürcüstanda itirdiyi mövqeylərini geri qaytarmağa səy göstərir. Mövcud hakimiyyət isə daha müstəqil siyasət aparmaq niyyətindədir. Digər tərəfdən Qərbin uzaq perspektivdə əsas planı Çinlə mübarizədir. Çünki Çin yeni dünyanın əsas güclü ölkəsi olaraq önə çıxmağa başlayıb. Rəsmi Pekinin əsas gücü isə nəqliyyat dəhlizləri üzərində olan təsir imkanlarıdır. Burada ən vacib yol isə Orta Dəhlizdir. Bu dəhliz reallaşarsa, Çin daha da güclənəcək. Cənubi Qafqaz da Orta Dəhlizin əsas hissəsindən biridir. Ona görə də Qərb Cənubi Qafqazda mövqeylərini gücləndirməklə Çinlə mübarizəyə hazırlaşır”.