Saxta pulu necə tanıyaq? -Ekspertdən qızıl kimi məsləhət

Ölkədə saxta pullardan istifadə hələ də davam edir. Bu cür hallarla isə daha çox satıcılar qarşılaşırlar.

“Mən zoo-aptek işlədirəm. Demək olar ki, hər gün saxta pullarla qarşılaşırıq. Bəzən müştərilər çox olur deyə pula diqqət edə bilmirik. Məsələn, dünən 2 dəfə saxta 20 manatlıq vermək istədilər. Birinə saxta olduğunu deyəndə, “qardaş, üzürlü say, uşaqların işidir” deyib ört-basdır etməyə çalışdı. O biri isə müştərilərin çox olduğu zamanda 1-2 manatlıq yem alıb getdi”, - deyə satıcılardan biri Bakupost.az –a deyib.
İqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az –a bildirib ki, saxta pul məsələsi hər yerdə aktualdır:

“Çünki texnologiyalar inkişaf etdikcə bəzi cinayətkar qruplar saxta pulların daha keyfiyyətli formalarını düzəldə bilirlər. Bunlarla mübarizə aparmağın yeganə yolu pul qəbul edilən yerlərdə hansısa avadanlıqlar quraşdırılmasıdır ki, o pullar yoxlanılsın. Bu da hər zaman alınmır. Daha yaxşı yolu isə nağdsız ödənişlərin artırılmasıdır. Bu, həm vergidən yayınmanın qarşısını alır, həm də bu cür problemlərin yaranmasına imkan vermir. Məsələn, Avstraliyada, Yeni Zelandiyada ticarətin 96-97 faizi nağdsızdır. Cəmi 2-3 faiz nağd puldan istifadə olunur. Bizdə isə rəqəmlər çox yüksəkdir. Nağd alış-veriş təxminən 60-65 faiz civarındadır”.


Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında deyib ki, dünyanın hər yerində saxta pullar var: 

“Azərbaycanda saxta pullar o qədər də geniş yayılmayıb. Digər tərəfdən saxta pulları seçmək elədə çətin məsələ deyil. Bəzi pullara əl vuran kimihiss olunur, bəzilərini isə işığa tutan kimi pula aid nişanlar görünür. Hər pul əskinasında bunlar mövcuddur. Yoxlanış edərək bilmək olar. Kassalarda da xüsusi aparatlar var. Pulu həmin aparata qoyaraq da yoxlamaq mümkündür. Ödəniş edən zaman pulun saxta çıxması o demək deyil ki, vətəndaş saxtakardır. Böyük ehtimal o pulu kimsə həmin insana da verib. Çox pul verilən zaman diqqətli olmaq lazımdır. Bu yöndə dövlət və Mərkəzi bank maarifləndirmə işləri aparmalıdır”.