Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.
S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, 2024-cü il daxil olandan ailə münaqişələrinin sayı çoxalıb:
“Statistikaya baxan zaman bir ay ərzində 6-7 amansız qətl hadisəsi, döyülmə və müxtəlif formalarda zorakılıq hadisələri müşahidə edirik. 6 ayın statistik məlumatları açıqlansa, bariz şəkildə qabarıq olduğu görünər. İnsanlar biri-birinə güzəşt etməyə və ya empatiya hissi keçirməyə bilərlər. Ancaq bunu ailənə qarşı yönəltmək, güzəşti aradan qaldırmaq və empatiyanı məhv etmək normal vəziyyət deyil. İnsan tanımadığı insana qarşı güzəşt etməyə bilər. Ancaq bacı-qardaşına, ana-atasına, yoldaşına və övladına zorakılıq tətbiq edirsə, bu artıq münasibətin sonu deməkdir. Yəni burada məhrəm münasibət qalmayıb və mənəvi dəyər anlayışı ortadan qalxıb. Getdikcə belə hadisələr daha da çox olacaq. İnsanların ailə üzvlərinə qarşı aqressiyası dəyərlərin məhv olması deməkdir. Bu günə qədər deqredasiyadan və məhvə doğru sürüklənməkdən danışırdıq. Artıq biz uçurumun dibindəyik. İnsan ailə üzvünün yanında özünü güvəndə hiss etməyəcəksə, bu zaman evdəki ilə çöldəki insan arasında fərq qalmır. İnsan ailə üzvünə gözü yumulu güvənməli və özünü onların yanında güvəndə hiss etməlidir. Ancaq indi görürük ki, ailə üzvlərinə də güvən qalmayıb. Həddən artıq pis vəziyyətdəyik. Geri dönüş varmı, vəziyyəti bərpa edə biləcəyik mi deyə düşünürəm. Məncə geri dönüş yoxdur. Bu vəziyyətin qarşısını almaq lazımdır”.