Çin Kursk bölgəsindəki vəziyyəti diqqətdə saxlayır, Pekin münaqişə tərəflərini gərginliyi azaltmağa çağırır.
Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanatında qeyd olunub.
“Bütün tərəfləri vəziyyətin sakitləşdirilməsi üçün 3 prinsipə riayət etməyə çağırırıq: düşmənçilik xaricə yayılmamalı, silahlı münaqişənin genişlənməsinə imkan verməməli və atəşin artmasının qarşısı alınmalıdır”, - bəyanatda deyilib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Çinin Kursk vilayətində yaşananlara münasibəti Pekinin ənənəvi siyasətinin bir hissəsidir:
“Çin də məhz Qərb ölkələri kimi Ukraynadakı müharibənin asan və tez bir zamanda həllinin tapılmasını istəmir. Çünki Çinə Rusiyanın güc itirməsi və Ukraynada başının qarışması sərf edir. Yəni Çinin Şərqdə üstünlüyünü qoruması üçün Rusiyanın güc və vaxt itirməsi vacibdir. Rəsmi Moskva isə bunu bildiyinə görə Şimali Koreya, Filippin və Çinin digər diplomatik problemlər yaşadığı dövlətlərlə əlaqələrini artırmağa başlayıb. Bunların hamısı Pekinə mesaj idi. Rusiya sözügedən mesajı verməklə Çinin dəstəyini almaq istəyirdi. Rusiyanın daha çətin vəziyyətlə qarşılaşdığı halda ilk döyəcəyi qapı Çindir. Çünki Şimali Koreya və İranın böyük hərbi potensialı ola bilər. Amma mahiyyət etibarilə həmin ölkələr çətin məqamda Rusiyanın dadına çatmayacaqlar. Rusiya nə qədər Çinin köməyinə ehtiyac duyacaqsa, bir o qədər də Pekindən asılı vəziyyətə gələ bilər. Ona görə də Kurskdakı məsələ ilə bağlı Çin sərt reaksiya bildirmir. Əksinə olaraq hər iki tərəfi sakit olmağa çağırır. Müharibənin əvvəllərindən Çin Ukrayna savaşında eyni mövqedən çıxış edib. Əslində Çin istəklərinin reallaşdığına görə sevinir. Müharibə daha ciddi fəsadlar doğurarsa, Rusiya Kollektiv Qərbə qarşı mübarizəsində Çindən daha çox kömək alacaq. Bu isə qarşılığında hansısa məsələ ilə bağlı kompromisə getmək deməkdir”.